BMT-nin Avropa İqtisadi Komissiyası və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Yük Daşımaları (BYD) Konvensiyasının 11-ci Əlavəsinin qüvvəyə minməsi ilə bağlı onlayn formatda tədbir keçirilib.
Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, toplantıya BMT Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi Umberto De Pretto, Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan, İran, Gürcüstan və Moldova gömrük xidmətlərinin nümayəndələri, aidiyyəti beynəlxalq qurumların təmsilçiləri qatılıb.
Tədbirdə Azərbaycanı Komitə sədrinin müavini Cavad Qasımov təmsil edib. O, çıxış edərək bildirib ki, iqtisadi proseslərin qloballaşması, ticarət əlaqələrinin yeni formalarının meydana çıxması, eləcə də idxal-ixrac əməliyyatlarının sürətli artımı müasir prinsip və üsullarla fəaliyyət göstərən BYD-nin önəmini daha da artırır. Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verən Azərbaycan ticarətin asanlaşdırılması üçün beynəlxalq tranzit prosedurlarının tətbiq edilməsinə xüsusi diqqət yetirir.
C.Qasımov qeyd edib ki, 44 günlük Vətən müharibəsinin əsas nəticələrindən biri kimi regionda bütün kommunikasiyaların açılması, Naxçıvan MR ilə ölkənin qərb bölgələrini birləşdirəcək tranzit dəhlizinin təmin edilməsi ilə bağlı razılaşma əldə olunub. Beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün regionda yeni açılacaq nəqliyyat marşrutlarında BYD sisteminin fəal istifadəsi əsas perspektivlərdən biridir.
Komitə sədrinin müavini onu da bildirib ki, BYD Konvensiyasının ölkəmizdə tətbiqi üzrə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsi Konvensiya ilə müəyyən olunmuş hüquq və öhdəliklərin, prosedur tələblərinin səmərəli qaydada təmin edilməsi, eləcə də BYD prosedurunun yaratdığı sadələşdirmə üstünlüklərindən iqtisadi operatorların və daşıyıcıların faydalanması üçün mütəmadi tədbirlər görür.
Görüşdə digər çıxış edənlər sənədin əhəmiyyətindən, onun milli səviyyədə icrası proseslərindən danışıb, iqtisadiyyatın inkişafına verəcəyi töhfələrdən bəhs ediblər.
11-ci Əlavə BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası ilə tənzimlənən tranzit prosedurunun elektronlaşdırılması üçün hüquqi sənəddir. Bu sənəd üzv dövlətlərə daşımalarda səmərəliliyin artırılmasına, bu sahənin intensiv inkişafına, beynəlxalq nəqliyyat qovşaqlarının və marşrutlarının təkmilləşdirilməsinə, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq.