Bakıda köhnə mənzillər ucuzlaşıb, təzə binalarda isə qiymətlər artıb

Biznes
  • 09 dekabr, 2021
  • 06:35
Bakıda köhnə mənzillər ucuzlaşıb, təzə binalarda isə qiymətlər artıb

Bu ilin noyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər oktyabr ayı ilə müqayisədə 2,16 % ucuzlaşıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bazarda qiymətlər 0,87 % artıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, paytaxtda təkrar mənzillərin qiyməti 0,3 %, il ərzində isə 3,04 % azalıb. Təkrar mənzil bazarında bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 550 manatdan çox) qiymətində ay ərzində 0,07 % , il ərzində 14,99 % azalma, orta mənzillərin qiymətində (1 kvadrat metrin qiyməti 1 700-2 500 manat) ay ərzində 0,1 % artım, il ərzində 9,45 % azalma, ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 700 manata qədər) qiymətində isə ay ərzində 0,22 %, il ərzində 1,58 % artım qeydə alınıb.

N. İbrahimov bildirdi ki, noyabr ayında ilkin mənzil bazarında qiymətlərdə bir öncəki ayla müqayisədə 3,95 % artım, il ərzində 2,52 % azalma müşahidə edilib. İlkin mənzil bazarında ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 190 manata qədər) qiyməti ay ərzində 0,81 %, il ərzində 4,78 % azalıb, orta mənzillərin (1 kvadrat metrin qiyməti 1 190-2 040 manat) qiyməti ay ərzində 0,38 % artıb, il ərzində 10,53 % azalıb, bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 040 manatdan çox) qiymətində isə ay ərzində 3,99 %, il ərzində 20,75 % ucuzlaşma olub.

"Mənzillərin kirayəsi bazarında noyabr ayı ərzində qiymətlərdə 2,15 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4,56 % azalma qeydə alınıb. Ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 500 manata qədər) kirayə qiymətlərində ay ərzində 1,2 % azalma, il ərzində 28,35 % artım, orta mənzillərin (1 kvadrat metrin qiyməti 500-1000 manat) kirayə qiymətlərində ay ərzində 5,49 % azalma, il ərzində 1,77 % artım, bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 1 000 manatdan çox) kirayə qiymətində ay ərzində 0,61 % artım, il ərzində 7,78 % azalma müşahidə edilib", - N. İbrahimov qeyd edib.