Sentyabrın 25-26-da Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək.
"Report" xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, tədbirin məqsədi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin vergi administrasiyasının, eləcə də beynəlxalq təşkilatların iştirakı ilə karbon qiymətləndirilməsi siyasətlərinin uzlaşdırılması və qlobal emissiyalarda payı çox olan ölkələrlə payı az olan ölkələrin sənayelərinin inkişaf templəri nəzərə alınmaqla harmoniya edilmiş, ancaq bərabərləşdirilməmiş karbon vergi qiymətləndirilməsi siyasətinin formalaşdırmasıdır: "Biz bu prosesdə təbii ki, mütləq qaydada kiçik və orta biznesin maraqlarını gözləməklə, onların inkişaf meyillərinə mane olmamaqla və bu sahədə toplanan vəsaitlərin karbon vergilərinin yenidən biznesə reinvestisiya edilməsi ilə, biznesin inkişafına dövlət dəstəyi tədbirlərini əhatə etməklə iştirak etməyi planlaşdırırıq".