Bu gün Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası başlayıb.
"Report" xəbər verir ki, iclasda kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak edirlər.
İclasda çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirin Bakıda təkil edilməsinə görə başda Abdullah Saleh Kamel və Rıfat Hısarçıklıoğlu olmaqla Direktorlar Şurasına təşəkkürünü bildirib.
İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının bir neçə böyük beynəlxalq forumların təşkilatçısı olduğunu qeyd edən Konfederasiya rəhbəri "Dayanıqlı kənd təsərrüfatı forumu"nun illik əsasda Azərbaycanda keçirilməsi ilə bağlı qərarın ölkəmizdə aqrar sektorun inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Palatanın üzvü olan 57 ölkə var. Onların ümumi ərazisi 31,8 milyon kvadratkilometrdən, ümumi əhalisi isə 1,99 milyard nəfərdən çoxdur. Dünyanın quru sahəsinin 6,2 %-i, dünya əhalisinin isə 23,8 %-i bu ölkələrin payına düşür.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun (ÜDM) illik dəyəri 9 trilyon ABŞ dollarından çoxdur. Bu isə ÜDM-in 9 %-ni təşkil edir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 18 %-i və yaxud 9,3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.
Bugünki iclasda 20 üzv ölkədən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən Palata üzvləri və İslam ölkələrindən olan sahibkarlar 2 gün ərzində Bakıda müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında, B2B görüşlərdə iştirak edəcək, bir neçə iri kənd təsərrüfatı müəssisələrinə səfər edəcək, əməkdaşlığı əhatə edən bir neçə sənəd imzalayacaqlar.