Azərbaycanın əsas tadarük bazarlarından dondurulmuş mal əti idxalı kəskin azalıb
- 21 aprel, 2022
- 05:33
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2,61 milyon ABŞ dolları dəyərində 579,7 ton dondurulmuş iribuynuzlu heyvan əti gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 50 % azalıb.
Hesabat dövründə Ukraynadan 1,86 milyon ABŞ dolları dəyərində 385 ton, Hindistandan 356,43 min ABŞ dolları dəyərində 111,98 ton, Braziliyadan 315,12 min ABŞ dolları dəyərində 78,01 ton, Rusiyadan 57,95 min ABŞ dolları dəyərində 3,29 ton, Argentinadan 14,93 min ABŞ dolları dəyərində 0,59 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 40,2 % və 51,7 % azalıb, Hindistandan – 58,8 % və 64 % azalıb, Braziliyadan – 2,6 dəfə və 3,3 dəfə artıb, Rusiyadan – 52 dəfə və 3,6 dəfə artıb. Ötən ilin ilk iki ayı ərzində Argentinadan dondurulmuş mal əti alınmayıb.
Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycanın xaricdən (13 ölkə) aldığı 4,45 min ton dondurulmuş mal ətinin 80 %-i Ukraynanın, 14 %-i Hindistanın payına düşüb.