Bu ilin aprel ayında Azərbaycanın avtomobil bazarında yeni avtomobillərin satışı mart ayına nisbətən 10 % artıb.
Bu barədə “Report”a açıqlamasında ölkənin avtomobil bazarının aprel ayındakı vəziyyətini şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, ay ərzində bazarda təzadlı vəziyyət yaşanıb:
“İkinci əl avtomobillərin satışında yeni avtomobillər qədər artım olmayıb. Bu gün təkrar avtomobil bazarında fəallıq çox aşağıdır. Mart-aprel aylarında vətəndaşlarımız yeni avtomobillərə daha çox maraq göstərib. Yanvarın 1-dən ekoloji təmiz avtomobillərin idxalının ƏDV-dən azad edilməsi qərarı da burda stimullaşdırıcı rol oynayır. Apreldə avtomobil alıcıları daha çox krossoverlərə üstünlük verib. Qeyd edim ki, ilin birinci rübündə avtomobillərin ehtiyat hissələrinin qiyməti təxminən 5 % yüksəlib”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də apreldə yeni avtomobillərin yaxşı satıldığını qeyd edib:
“Hətta yaya doğru getdiyimiz üçün yeni avtomobillərin satışı artır. İkinci əl avtomobil bazarında isə yenə də durğunluq var. Həmişə bu durğunluğu yanvar-fevral aylarında müahidə edirdik. İndi isə bu vəziyyət apreldə də davam edir. Çünki insanlar cüzi depozit qoymaqla ikinci əl avtomobilləri müəyyən müddətdən sonra avtomobil ona qalmaq şərti ilə icarəyə götürür. Bu halda 500-1 000 manat ilkin ödənişlə bu avtomobilləri əldə etmək olduğu üçün heç kim risk edib 10-15 min manata maşın almır. Yeni avtomobillərin satışında isə vəziyət yaxşıdır. Yəqin ki, bu ayın sonunda da daha çox yeni avtomobil satıldığını görəcəyik”.
E.Əliyev vətəndaşlarımızın əsasən Çin istehsalı olan krossoverlərə üstünlük verdiyini deyib:
“Hazırda 32-45 min manat arası qiymətə olan yeni avtomobillər, əsasən də krossoverlər daha çox satılır. Bir də daha çox satılanlar lüks sinifə aid olan avtomobillərdir. Bunlar “Toyota”nın bəzi modelləri, “Mercedes”in bəzi öndə olan modellərindir. Onlara həmişə tələbat var. Qeyd etdiyim 32-45 min manat arası qiymətə olan krossoverlərin əksəriyyəti Çin bazarından olan avtomobillərdir. Azərbaycanda 11 Çin avtomobil brendi var. Bunlardan ikisi pikap avtomobili təqdim edir, qalanları isə sedan avtomobillərə və krossoverlərə üstünlük verir. Bakıda bazar payının 50-55 %-i Çin avtomobillərinə məxsusdur. Ölkədə 2015-ci ildə baş verən devalvasiyalardan sonra hamı bahalı maşını satıb ekonom avtomobilə keçməyə çalışır. Çin avtomobilləri həm ekonom sinifə aiddir, həm də qiymətləri münasibdir. Artıq onların əksəriyyəti öz servis və ehtiyat hissələri mərkəzlərini formalaşdırıb. Artıq Çin avtromobillərinə xidmət göstərən rəsmi servisdən kənar servis mərkəzləri var. Onların ehtiyat hissələri dükanları artıq rəsmi servisdən kənarda da tapılır. Ona görə Çin avtomobillərinə etibar artıb".
E.Əliyevin sözlərinə görə, əsrin əvvəllərində Koreya istehsalı olan avtomobillərlə bağlı eyni tendensiya yaşanırdı: "İndi həmin tendensiyanı Çin avtomobilləri ilə bağlı müşahidə edirik".
Müsahibimiz bazarda qiymətlərin stabil olduğunu bildirib:
“Əvvəllər yükdaşımalarla bağlı qiymətlər ucuz idi. İndi elə Çinin özündən 11 min ABŞ dollarından ucuz qiymətə konteyner gəlmir. Yükdaşıma şirkətləri də avtomobili gətirilməsi üçün 300-500 ABŞ dolları xərc tələb edir. Avtomobillərin qiymətinə əsas təsir edən amil yükdaşıma və gömrük xərcləridir. Hazırda şirkətlər 3 000-3 500 manat, bəziləri 2 000-2 500 manat marja ilə avtomobil satırlar. Avtomobillərin yükdaşıma qiyməti qalxsa, gömrük rüsumlarında hansısa dəyişiklik olsa, qiymətlərin artmasını görə bilərik. Amma bir ildir ki, bazarda kəskin qiymət artımı yoxdur. Hətta rəqabət artdıqca şirkətlər marjalarını aşağı salır”.