Azərbaycanda qeydiyyata alınmış sahibkarların sayı 1,6 milyonu ötüb
- 25 aprel, 2025
- 11:44
Bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.
“Report” xəbər verir ki, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, hazırda 212 mindən çox hüquqi şəxs statusuna malik sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da əvvəlki illə müqayisədə 7,1 % artım deməkdir.
“Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti sürətlə inkişaf edir”, - deyə M. Musayev bildirib.
Konfederasiya rəhbəri vurğulayıb ki, sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə həlli üçün yaradılmış əsas mexanizmlərdən biri Əməkdaşlıq Şuralarıdır.
“Hazırda Azərbaycan Sahibkarlar Konfederasiyası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsi ilə birgə Əməkdaşlıq Şuraları çərçivəsində fəaliyyət göstərir. Bu mexanizm dövlət-özəl dialoqunun ən effektiv platformalarından biri hesab olunur”, - deyə o əlavə edib.
M. Musayev, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini hər il təkmilləşdirdiyini vurğulayıb:
“Konfederasiya Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Türk Ticarət və Sənaye Palatası, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi kimi nüfuzlu təşkilatlarda ölkəmizi uğurla təmsil edir”.