Minskdə keçirilən Belarus-Azərbaycan biznes forumu çərçivəsində turizm, xarici sərgilərin birgə təşkili və “Azərbaycan Ticarət Evi”ndə satış üçün ayrı-ayrı məhsul növlərinin tədarükü sahələrində üç saziş imzalanıb.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Ticarət-Sənaye Palatasının sədr müavini Denis Meleşkin bildirib.
“Biz milli sərgi operatoruyuq və hər il xarici ölkələrdə, o cümlədən Azərbaycanda 30-dan çox sərgi tədbiri təşkil edirik. Müxtəlif sahələrdə böyük sərgilər keçiririk. Söhbət yeyinti sənayesi, neft-kimya və digər sahələrlə bağlı sərgilərdən gedir. Bu gün Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası ilə imzalanmış əməkdaşlıq memorandumu sərgi tədbirlərinin, o cümlədən birgə tədbirlərin təşkili və keçirilməsi sahələrində əlaqələrimizin inkişafına kömək edəcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, hər iki ölkədə Belarus və Azərbaycan şirkətlərinin birgə sərgilərinin təşkilinə dair planlar var.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı isə bildirib ki, Minskdəki “Azərbaycan Ticarət Evi”nə tədarükün artırılması planlaşdırılır: “Amma təbii ki, bütün layihələr qarşılıqlı olacaq. Azərbaycan şirkətləri müvafiq qurumlarla birlikdə Belarusa investisiya yatırmaq variantlarını nəzərdən keçirir. Hazırda aqrar sahədə birgə gübrə istehsalının təşkili və bir sıra perspektivli layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılır”.