ABŞ Prezidenti: Seçkilərdən əvvəl iqtisadi statistika qəsdən təhrif edilib
- 26 noyabr, 2026
- 18:53
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp iqtisadi statistikaya cavabdeh olan dövlət qurumunu seçkilərdən əvvəl ölkənin ÜDM artımı ilə bağlı məlumatları qəsdən təhrif etməkdə ittiham edib və vəziyyətin araşdırılmasını tələb edib.
"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp seçkilərdən əvvəl dərc olunmuş ABŞ iqtisadiyyatının göstəricilərinin saxtalaşdırıldığını, iqtisadi statistikaya cavabdeh dövlət qurumunun isə ötən gün onlara düzəlişlər etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı onun administrasiyası dövründə əvvəlki göstəricilərdən xeyli yüksək nəticələr nümayiş etdirir.
"İndi üçüncü rübdə ÜDM artımı göstəricisi 3,4 %-dən 4,3 %-ə qədər yenidən hesablanıb, bu da əhəmiyyətli fərqdir! Niyə düzgün məlumatlar seçkilərdən əvvəl açıqlanmadı? Mən bu vəziyyətin dərhal araşdırılmasını tələb edirəm. Bu, cüzi bir səhv deyil, məlumatların qəsdən təhrif olunmasıdır", - o yazıb.
Xatırladaq ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də baş tutub. Seçkilərin nəticələrinə əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluq əldə ediblər. Konqres yeni tərkibdə fəaliyyətə 2027-ci ilin yanvarında başlayacaq.