Azərbaycan şirkətlərində əməyin mühafizəsi qaydalarına riayət edilirmi?

Azərbaycan şirkətlərində əməyin mühafizəsi qaydalarına riayət edilirmi? İşəgötürən həmçinin, işçilərin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir
Biznes
28 Aprel , 2021 17:22
Azərbaycan şirkətlərində əməyin mühafizəsi qaydalarına riayət edilirmi?

Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisənin işəgötürəni müəssisənin istehsal etdiyi məhsuldan, gördüyü işdən, göstərdiyi xidmətdən asılı olmayaraq işçilərinə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşəgötürən həmçinin, işçilərin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir.

Hüquq müdafiəçisi Sahib Məmmədov Azərbaycanda istehsalatda əməyin mühafizəsi ilə bağlı “Report”a verdiyi açıqlamada bildirib ki, öz imicini qorumaq istəyən şirkətlər bu sahədə müəyyən bir siyasət izləyirlər:

“Bəzi şirkətlər qanunvericiliyin şərtlərinə əməl etməklə onun standartlarını təmin edirlər. Belə milli şirkətlərə misal olaraq SOCAR-ı göstərmək olar”

Sahib Məmmədov

Hüquq müdafiəçisi

“Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri qanunvericiliklə tənzimlənir. İstənilən işə götürən işçinin əlverişli sağlam əmək şəraitini təmin etməyə borcludur. Bu qaydanı pozanlar məsuliyyət daşıyırlar. Buna görə də Azərbaycanda öz imicini qorumağın qayğısına qalan iri şirkətlərin əməyin mühafizəsi ilə bağlı ayrıca siyasətləri olur. Həmin şirkətlər qanunvericiliyin şərtlərinə əməl etməklə onun standartlarını təmin edirlər. Belə milli şirkətlərə misal olaraq Dövlət Neft Şirkətini (SOCAR) göstərmək olar. Lakin tam olaraq demək olmaz ki, əməyin təhlükəsizliyi ilə bağlı SOCAR-da da bütün məsələlər əla vəziyyətdədir. Amma SOCAR-da bu sahə üzrə müəyyən standartlar var. Bəzi tikinti şirkətləri də artıq əməyin mühafizəsi standartlarına əməl edən tələblər qoyublar”.

S.Məmmədov qeyd edib ki, bu cür qaydalar bütün müəssisələrdə tətbiq edilməlidir:

“Bizdə bu işə nəzarət edən dövlət orqanının fəaliyyətinə məhdudiyyət qoyulub. Bu da bəzi işə götürənlərdə arxayınlıq yaradır və onlar qaydaları pozurlar. Nəticədə istehsalatda bədbəxt hadisələr baş verir. Azərbaycanda 2011-ci ildən etibarən işə götürənlər istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından işçiləri sığortalamalıdır. Təəssüf ki, həmin sığorta edilənlərin sayı ümumi işləyənlərin heç 20%-ni əhatə etmir. Çünki bizdə əmək müqaviləsi ilə işləyənlərin sayı azdır. Bu da işçilərin sığortalanmasına imkan vermir”.

Azərbaycanda milli və iri şirkətlərdən biri olan SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təmsil etdiyi müəssisədə bu sahədə görülən işlərdən danışıb:

 “Əməyin mühafizəsi istiqamətində istehsalat sahələrində son illərdə əhəmiyyətli işlər görülüb

İbrahim Əhmədov

Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini

“Son beş ildə SOCAR-da istehsalatda istər ölüm hadisələrinin, istərsə də digər xəsarətlərin sayı dəfələrlə azalıb və hər il azalmağa davam edir. Bu məsələ ilə bağlı SOCAR-da əsaslı islahat aparılıb və yeni struktur yaradılıb. Əməyin mühafizəsi istiqamətində istehsalat sahələrində son illərdə əhəmiyyətli işlər görülüb. Təhlükəli, riskli istehsalat sahələrinin sayı xeyli azalıb. Dənizdəki meydançalarda möhkəmləndirmə və əsaslı təmir işləri aparılıb”.

İ.Əhmədov bildirib ki, yerlərdə baş verən hər bir hadisənin səbəbləri ilə bağlı şirkət ətraflı tədqiqat aparır:

“Digər tərəfdən, SOCAR-da fərdi əmək mühafizəsinə də nəzarət gücləndirilir. Yerlərdə baş verən hadisələrin köklü araşdırılması həyata keçirilir. Bir hadisə baş verirsə, bununla bağlı iclas toplanır, tədqiqat aparılır və hadisənin səbəbi araşdırılır. Bu tədqatatların əsasında hər il vəziyyət bir az daha yaxşılaşır. Buna görə də son beş ildə ölüm və xəsarətlərin sayı işçilərin sayına nisbətdə götürəndə xeyli azalıb və azalmaqda davam edir. Bunun müqabilində biz daha çox baş verən hadisələri öz daxilimizdə ifşa edirik. Onların ifşa olunması məsələnin daha dəqiq təhlilinə şərait yaradır”.

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel tarixi “Ümumdünya Əməyin Mühafizəsi” günü kimi elan olunub. “Ümumdünya Əməyin Mühafizəsi Günü”nün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.

Ümumiyyətlə, bu günün keçirilməsi ideyası ilk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri tərəfindən irəli sürülüb. Onların təklifi “28 aprel” – iş yerlərində həlak olan və zərər çəkmiş işçilərin “Xatirə günü” kimi qeyd olunması olub. Bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən qeyd olunmağa başlanılıb və hazırda dünyanın 100-dən çox ölkəsində qeyd edilir. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olmaqla yanaşı, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları da qəbul edib.

Son xəbərlər

Orphus sistemi