Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib.
Biznes
18 Sentyabr , 2024 11:44
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.

Məlumata görə, qurumun icraçı direktoru Vüsal Qasımlı Özbəkistan Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə V. Qasımlı Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə ilə iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edərək iqtisadi, ticarət və investisiya əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə qonaqlara məlumat verib. Eyni zamanda “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) icrasına İİTKM-in töhfəsi ilə bağlı potensial layihə təkliflərini təqdim edib.

İİTKM-in icraçı direktoru bildirib ki, ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. 2024-cü ilin ilk beş ayında isə bu göstərici 70 milyon dollara çatıb. Bu rəqəmləri daha da artırmaq, mövcud potensialı reallaşdırmaq üçün qarşılıqlı təmasların, müxtəlif formatlarda görüşlərin keçirilməsi zəruridir. V. Qasımlı energetika sahəsində əməkdaşlıq, xüsusilə Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı bağlı qarşıda duran hədəflərdən söz açaraq bu istiqamətdə əsas prioritetləri diqqətə çatdırıb. O həmçinin İİTKM ilə Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi arasında 2021-ci ildə imzalanmış Memorandumu xatırladaraq həmin sənəd çərçivəsində son illər həyata keçirilmiş mühüm layihələri vurğulayıb.

O.Hakimov isə Azərbaycanın nail olduğu dinamik iqtisadi inkişafı yüksək qiymətləndirib, bu məqsədlə İİTKM ilə əməkdaşlığın vacibliyini və Özbəkistanın sosial-iqtisadi inkişafına dəstək verən təcrübələrin öyrənilməsində maraqlı olduqlarını qeyd edib. O, iki ölkə arasında ticarət, investisiya, strateji tərəfdaşlıq sahələrində əlaqələrin mühüm əhəmiyyət daşıdığını və ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonra İİTKM-in proqram idarəetməsi modulları, o cümlədən “azranking.az”, “Azexport”, Rəqəmsal Ticarət Qovşağı (dth.az), “EnterpriseAzerbaijan” portalları barədə təqdimatlar olub. “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe, “EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva, İİTKM-in əməkdaşları Günay Quliyeva və Səbinə Cumazadə təqdimatlarla çıxış ediblər.

Sonra tərəflər ticarət və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün gələcək addımlar barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi