Bakı. 10 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın inşaat və tikinti materialları sentyabrın 4-6-da Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazbuild” inşaat və tikinti materialları sərgisində nümayiş olunub.
Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, xarici şirkətlərin və sərgi ziyarətçilərinin marağına səbəb olan Azərbaycan məhsulları “Ən yaxşı debüt” mükafatına layiq görülüb. Azərbaycan məhsullarının yüksək zövq və peşəkərlıqla hazırlanmış stenddə təqdimatına görə AZPROMO sertifikatla mükafatlandırılıb.
Sərgi çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, tikinti materiallarının istehsalı ilə məşğul olan Azərbaycanın FƏXRƏDDİN - K MMC şirkəti Qazaxıstanın Almatı və digər regionlarında fəaliyyət göstərən tikinti şirkətləri ilə aparılan danışıqlarda şirkətin məhsullarının Qazaxıstanda satışına dair ilkin razılıqlar əldə edib.
Sərgidə Azərbaycanın “NB Group” şirkətinin məhsullarına Qazaxıstanın “OBİ Hipermarket” şəbəkəsi tərəfindən ciddi maraq göstərilib və məhsulların bu marketlərdə satışına dair müzakirələr aparılıb. Bundan başqa, Azərbaycanın “Semsan” şirkəti Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən tikinti şirkətləri ilə, həmçinin Polşadan və Özbəkistandan olan topdansatış şirkətləri ilə ixraca dair müzakirələr aparıb. Sərgi çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə Qırğız Respublikası, Tacikistan və Qazaxıstandan olan 4 şirkət arasında ixraca dair ilkin razılıq əldə olunub. Həmçinin, Azərbaycanın “Caspi Marine Technologies” şirkəti ilə Qazaxıstan şirkəti arasında gəmi boyası və döşəmə örtüyü üçün 300 min ABŞ dolları dəyərində sifariş alınıb. Bu məhsulların ixracı oktyabr ayında həyata keçiriləcək.
Qeyd edək ki, “Kazbuild 2018” sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunduğu ilk beynəlxalq sərgidir.