Azərbaycan İran və Portuqaliyadan şirin kartof tədarük etməyə başlayıb
- 09 sentyabr, 2024
- 13:15
Bu ilin I yarısında Azərbaycan 29,7 min ABŞ dolları dəyərində 55,3 ton şirin kartof və yaxud batat idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 11 min ABŞ dolları dəyərində 41,85 ton, Amerika Birləşmiş Ştatlarından 10,35 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,7 % çoxdur) 7,4 ton (+11,3 %), Misirdən 5,5 min ABŞ dolları dəyərində (+3 dəfə) 3,9 ton (+3 dəfə), Portuqaliyadan 2,4 min ABŞ dolları dəyərində 1,7 ton və Niderlanddan 0,5 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrandan və Portuqaliyadan tədarük həyata keçirilib.