Azərbaycan daha bir ölkəyə qara kürü satmağa başlayıb

Biznes
  • 24 avqust, 2022
  • 09:00
Azərbaycan daha bir ölkəyə qara kürü satmağa başlayıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 845 min ABŞ dolları dəyərində 2,7 ton qara kürü (nərə balıqlarının kürüsü) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 44 % çoxdur.

Çindən 822 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 47 % artıb) 2,7 ton (+43,5 %) və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 23 min ABŞ dolları dəyərində 0,03 ton (bir illik aradan sonra idxal bərpa edilib) məhsul alınıb.

Azərbaycan hesabat dövründə 162 min ABŞ dolları dəyərində 0,1 ton qara kürü ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2 dəfə və 3,3 dəfə artıb.

Birləşmiş Ərəb Əmirliklərinə 49 min ABŞ dolları dəyərində (+66,3 %) 0,04 ton (+4 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 31 min ABŞ dolları dəyərində 0,02 ton, ABŞ-a 30 min ABŞ dolları dəyərində (+88 %) 0,04 ton (+2 dəfə), Sinqapura 16 min ABŞ dolları dəyərində 0,01 ton, Rusiyaya 16 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapura tədarük həyata keçirilib.