Azərbaycan daha bir ölkədən sistern tədarük etməyə başlayıb

Biznes
  • 24 dekabr, 2024
  • 06:28
Azərbaycan daha bir ölkədən sistern tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 29 milyon ABŞ dolları dəyərində 2 min 70 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 36 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 18,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 28 % azdır) 1 min 320 ədəd (-47 %), Polşadan 4,5 milyon ABŞ dolları dəyərində (+79 %) 394 ədəd (+49 %), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (-40 %) 116 ədəd (-5 %), Belçikadan 697 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 20 ədəd (-23 %), Fransadan 679 min ABŞ dolları dəyərində (+12 %) 52 ədəd (-16 %) sistern alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yamaykadan (1,3 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.