Azərbaycan Bolqarıstandan pivə idxal etməyə başlayıb
- 12 may, 2023
- 07:07
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 492,4 min ABŞ dolları dəyərində 33,7 min dekalitr səməni pivəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 115 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 9 min dekalitr (+3 dəfə), Meksikadan 101,6 min ABŞ dolları dəyərində 5,2 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 86 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 4,7 min dekalitr (+2,2 dəfə), Rusiyadan 50,5 min ABŞ dolları dəyərində (+50,1 %) 4,5 min dekalitr (+32 %), Gürcüstandan 37,6 min ABŞ dolları dəyərində 2,9 min dekalitr pivə alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan (17,3 min ABŞ dolları dəyərində 1,2 min dekalitr) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilən 358 min dekalitr pivənin 23 %-i Rusiyanın, 22 %-i Qazaxıstanın, 18,2 %-i Türkiyənin payına düşüb.