Azərbaycan Avstriyaya tütün ixrac etməyə başlayıb

Biznes
  • 06 sentyabr, 2024
  • 12:32
Azərbaycan Avstriyaya tütün ixrac etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 11,8 milyon ABŞ dolları dəyərində 4 min ton tütün ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 3,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyaya 3,7 milyon ABŞ dolları dəyərində 1 144 ton (bir il əvvəl tədarük olmayıb), Bolqarıstana 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,5 dəfə çoxdur) 1 011 ton (+8,2 dəfə), Yunanıstana 1,6 milyon ABŞ dolları dəyərində 556 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 1,2 milyon ABŞ dolları dəyərində (-13,3 %) 614 ton (-15,7 %), Türkiyəyə 871 min ABŞ dolları dəyərində 226 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyaya (117 min ABŞ dolları dəyərində 65,5 ton) tədarük həyata keçirilib.