Azər Əmiraslanov: "Azərbaycanda xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir"

Azər Əmiraslanov: "Azərbaycanda xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir" Azərbaycanda qeyri-neft sektoru, xüsusilə xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir.
Biznes
19 Dekabr , 2024 13:41
Azər Əmiraslanov: Azərbaycanda xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir
Azər Əmiraslanov

Azərbaycanda qeyri-neft sektoru, xüsusilə xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən Karyera İnkişaf Forumunda deyib.

"Ölkəmizin iqtisadi inkişaf prioritetləri davamlı və dayanıqlı iqtisadi artımı hədəfləyir. Neft-qaz sektorunun məşğulluqda payı çox azdır – cəmi 0,6 % təşkil edir. Bu səbəbdən qeyri-neft sektorunun inkişafı vacibdir", - A. Əmiraslanov deyib.

Komitə sədri dövlət-özəl tərəfdaşlığının iqtisadi inkişafda mühüm rol oynadığını qeyd edib. O, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərən qurumların fəaliyyətinin iqtisadi artıma və məşğulluğun təmin edilməsinə müsbət təsir göstərdiyini vurğulayıb: "Özəl sektorun təşəbbüskar fəaliyyəti dövlət tərəfindən dəstəklənməlidir. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının iştirakı bu sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin bariz nümunəsidir".

A. Əmiraslanov uğurlu karyera qurmağın yalnız əmək müqaviləsi ilə çalışmaqla məhdudlaşmadığını qeyd edib: "Uğurlu karyera qurmaq üçün yalnız işçi olmaq kifayət deyil. Öz biznesini qurmaq, dəyər yaratmaq və iqtisadiyyatın inkişafına töhfə vermək də vacibdir".

Onun sözlərinə görə, effektiv iqtisadi siyasət olmadan sosial siyasətin uğurla həyata keçirilməsi çətindir: "Bu, iqtisadi islahatların əsas hədəflərindən biridir və hökumətin prioritetləri arasında yer alır. Ölkədə əhalinin real gəlirlərini artırmaq üçün ölkədə makroiqtisadi siyasət və maliyyə sabitliyinin təmin edilməsi vacibdir".

A. Əmiraslanov həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə həyata keçirdiyi kompleks tədbirləri də xüsusi vurğulayıb: "Nazirliyin məşğulluq strategiyasının inkişafı, əmək bazarının tənzimlənməsi və layiqli məşğulluğun təmin edilməsi sahəsində həyata keçirdiyi işlər müsbət nəticələr verib".

Son xəbərlər

Orphus sistemi