"
- Azərbaycan yığmasına gəlişiniz necə alındı?
- 2012-ci ildə Ukrayna yığmasının heyətində ikən bizi Bakıya dəvət etmişdilər. 23 yaşadək velosipedçilər arasında Heydər Əliyevin xatirəsinə yürüş keçirilirdi. Qadınların mübarizəsində mən finişə 2-ci çatdım. Birinci yeri isə Azərbaycan millisinin üzvü Yelena Çalıx tutdu. Bundan sonra mənə buradan təklif gəldi.
- Yəqin ki, Azərbaycan yığmasındakı şəraitlə də tanış oldunuz. Bu zaman nələr gördünüz?
- İlk növbədə, məşqçim hansı şərtlər altında çalışacağımı dedi. Sonra isə 2013-cü ilin noyabrında Türkiyədə ilk təlim-məşq toplanışımız oldu. Məşq və nəticə baxımından, bütün şərait yaradılmışdı. Bizə lazım olan hər şeylə təmin edilirdik.
- Əvvəlcə velosiped idmanının şose növündə çıxış edirdiniz, amma sonradan trek növünə keçdiniz. Buna səbəb nə oldu?
- Əvvəllər də hərdən trekdə çıxış edirdim. Amma orada əsas komanda şose növü üzrə mübarizə aparırdı. Mən Azərbaycana gələndə burada qadınlardan ibarət şose komandası yox idi. Xaricdə çıxış etmək üçün isə minimum 6 nəfərdən ibarət komanda lazımdır. Ona görə də trek növündə çıxış edirdim. Çünki trekdə bir idmançı da yer ala bilər. Bizimki isə sprinter komandası idi. Nəticədə bu komandada çıxış etdim. Bu il Sloveniyanın "Lyublyana" komandası ilə müqavilə də bağladım. Şosedə yarış təcrübəm olduğundan, Azərbaycan Velosiped İdmanı Federasiyası "Bakı 2015" I Avropa Oyunlarında bu növdə mübarizə aparmağımı qərara aldı. Təbii ki, bunun üçün mənə Oyunlar öncəsi təcrübə lazımdır. Bu səbəbdən, fevraldan "Lyublyana"da çıxış edirəm. Bu klubun heyətində müəyyən uğurlarım da olub. Xüsusən, apreldə beynəlxalq kriterium yarışının qalibi olmağımı qeyd edə bilərəm. "Lyublyana"ya Avropa Oyunlarına yaxşı hazırlaşmaq üçün keçdim. Trekdəki çıxışlarımı isə müvəqqəti dayandırmışam. Hazırda şose komandasındayam.
- Bu yaxınlarda Azərbaycan çempionatı keçirildi və çempion oldunuz. Yarış necə təsir bağışladı?
- Ölkə çempionatında ilk dəfə idi çıxış edirdim. Deyə bilmərəm ki, Ukrayna çempionatından nə iləsə fərqlənirdi. Düzdür, Ukraynada təkcə paytaxt Kiyevdən deyil, bütün əyalətlərdən yarışa qatılırlar. Azərbaycan çempionatında isə velosipedçilərin əksəriyyəti Bakıdan idi. İstənilən halda, məni məmnun etdi. Havanın yağışlı olması da mənə problem deyildi. Artıq buna öyrəncəliyik.
- "Bakı 2015"də nəyə ümid edirsiniz?
- Avropa Oyunlarında şose yarışlarının həm qrup, həm də fərdi ötüşməsində iştirak edəcəyəm. Əlbəttə, istərdim ki, imkanlarımı maksimum reallaşdırım, mükafata layiq yer tutum. Amma ciddi mübarizə gedəcək. Dünya çempionları, qitənin ən güclüləri gələcəklər. Komandaların heyətləri də güclü olacaq. Lakin biz medala ümidliyik. Qrup yarışları isə bir qədər çətindir. Çox güclü rəqiblər olacaq. Burada komanda işi də öz rolunu oynayacaq. Onlarla nə qədər çətin olsa da, eyni səviyyədə mübarizə aparmağa çalışacağam.
- Kimləri əsas rəqibləriniz sayırsınız?
- Hollandiyadan Eleanora van Dayk, Ukraynadan Anna Solovey, Polşadan Yevgeniya Buryakı qeyd edərdim. Bunlar mənim tanıdıqlarımdır. Hələ iştirakçıların tam siyahısına baxmadığımdan, qalanları deyə bilmərəm. Əsas rəqiblərimi yenməyi bacarsam, bu, böyük qələbə olacaq.
- Bu yaxınlarda kişilər arasında keçirilmiş "Tour d Azerbaidjan"ı izlədiniz?
- Əlbəttə. Əvvəldən axıradək izləməyə çalışdım. Sonuncu mərhələ Avropa Oyunlarının marşrutunu əhatə edirdi.
- Azərbaycanın "Synergy Baku" klubunun veloyürüşün qalibi oldu. Bu baxımdan, belə bir yarış Sizin mənəvi-psixoloji hazırlığınıza necə təsir etdi?
- Təbii ki, uşaqların uğuruna çox sevinirəm. Onların nailiyyətlərini davam etdirmək və möhkəmləndirmək istəyirəm. Digər tərəfdən, öz evimizdə keçiriləcək Oyunlar bizə mənəvi ruh verir. "Synergy Baku"nun uğuru isə bizim əhval-ruhiyyəmizi xeyli yüksəldib.
- Azərbaycanın müxtəlif növlər üzrə yığmalarında çoxlu ukraynalı idmançı çıxış edir. Onların əksəriyyəti beynəlxalq yarışlarda Ukraynanı təmsil edən rəqiblərini üstələyir. Bunu nə ilə əlaqələndirərdiniz? Axı Ukraynadan Azərbaycana əsas heyət üzvləri yox, "ikinci nömrələr" buraxılır...
- Məncə, bu, Ukraynada onların ikinci nömrə sayılmaları ilə əlaqədardır. Deməzdim ki, onlara öz ölkələrində daim pis münasibət göstərilib. Sadəcə, ikinci nömrə sayıldıqda, əsas heyət üzvünə çevrilmək çox çətinləşir. Idmançı nəsli hansısa səbəbdən lazımi nəticəni vermədikdə dəstəklənmir. Amma yeni ölkədə öz imkanlarını reallaşdırmağa imkan tapırsan, orada sənə daha çox inandıqlarının şahidi olursan. Bir tərəfdən, yaradılan şərait, digər tərəfdən isə sənə olan böyük inam uğurlu nəticələri şərtləndirir. Ukraynanı təmsil edən idmançıları üstələməklə, həm də güclü olduğumuzu və bizə şans verilmədiyini, lazımınca qiymətləndirilmədiyimizi sübuta yetiririk.
- Yəqin ki, Avropa Oyunlarından sonra məqsədiniz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarət olacaq...
- Bəli. Əvvəlcə şosse və trek üzrə dünya çempionatlarında iştirak etmək istərdim. Çempionat öncəsi "Lyublyana" klubunun heyətində "Vuelta", Giro d İtalia" veloyürüşlərinə də qatılmalıyıq. 2015-ci ilin əvvəllərindən bütün yarışlarda lisenziya xalları verilir. Fərdi reytinqdə "100-lüy"ə düşənlər olimpiadaya vəsiqə qazanırlar. Amma ölkələrə öz reytinqlərinə əsasən, kvota da verilir. Hər hansı ölkənin kvotadan artıq sayda velosipedçisi "100-lük"yə düşdükdə, o, lisenziyasız qalır və nəticədə daha aşağı yerləri tutanlara da vəsiqə verilir. Ona görə də beynəlxalq yarışlarda uğurlu nəticələr göstərərək, xal ehtiyatını artırmaq lazımdır.
- Bakıda ailənizlə birgəsiniz?
- Xaricdə keçirilən təlim-məşq toplanışları və yarışlarda birgə oluruq. Məsələn, bu yaxınlarda Sloveniyada həyat yoldaşım mənimlə bir ay qaldı. Hazırda isə Bakıda məşqçilərdən dəstək alıram. Amma imkan yaransaydı, burada ərim və 2 yaşlı qızımla da birgə olmaq istərdim. Həyat yoldaşım da velosipedçidir, özünün Kiyevdə mauntenbayk üzrə komandası var. Daha çox məşqçi-menecer kimi çalışır. Əlbəttə, istərdim ki, şəxsi məşqçim o olsun. Amma ərimin də öz işləri var və iki işi bir yerdə görmək alınmaz.
- Azərbaycan mətbəxi Sizdə necə təsir bağışladı?
- İlk vaxtlarda bir qədər qeyri-adi idi. Amma tədricən öyrəşməyə başladım. Kababı, dovğanı çox bəyənirəm. Amma biz idmançı rejiminə əməl etməliyik. Ona görə də sadə mətbəxlə - düyü, qarabaşaq və makaronla keçinirik.
- Ölkəmizdə bəyəndiyiniz və Sizi heyrətləndirən nələr olub?
- Əlbəttə, ilkin təəssüratlar böyük rol oynadı. Birinci dəfə Bakıya turnirə gələndə hər şey əla idi. Bizi yüksək səviyyədə qarşıladılar, gözəl avtomobillərə əyləşdik, "Hilton" otelində məskunlaşdıq. İkinci yeri tutmağım və normal pul mükafatına sahib olmağım da sevindirici idi. Şəhər də gözəl idi. Velosiped idmanının perspektivli olması da mənim diqqətimi cəlb etdi. Amma məşqlərə gedərkən, yollardakı tıxac velosipedlə hərəkətimizə mane olurdu. Bu baxımdan, mütəşəkkillik gözə dəymirdi. Mütləq məşqçi, müşayiət edən şəxs olmalı idi. Amma indi mənimlə birgə hazırlıq prosesinə xüsusi məşqçi gedir, mənimlə maraqlanır. Fərdi məşq proqramı ilə hazırlaşıram. Əsas məqsəd Avropa Oyunlarında uğurla çıxış etməkdir.