Bakı. 10 iyun. REPORT.AZ/ "Avropa Oyunları ilə əlaqədar əhval-ruhiyyə yüksəkdir. Düşünürəm ki, Azərbaycan qarşıdakı I Avropa Oyunlarına hazırdır". "Report" xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə UNİCEF-in milli səfiri, Milli Basketbol Assosiasiyasında (NBA) oynayan ispaniyalı peşəkar basketbolçu Xose Manuel Kalderon bildirib.
O qeyd edib ki, oyunlar üçün tikilən obyektlərlə tanış olub. "Oyunların keçirilməsi üçün bütün zəruri infrastruktur yaradılıb. Səviyyəsi və keyfiyyətinə görə Bakıdakı idman obyektləri Olimpiya səviyyəsinə uyğundur", - X.M.Kalderon deyib.
Qeyd edək ki, basketbolçu UNİCEF tərəfindən təşkil olunan uşaqlar üçün stritbol üzrə master-klass keçmək üçün Bakıya gəlib.
Birinci Avropa Oyunları Azərbaycanda iyunun 12-28-də keçiriləcək.