Bakı. 3 mart. REPORT.AZ/ "Burada çıxış etməkdən qürur hissi keçirirəm. Bu, idman tarixi və Azərbaycan üçün tarixi bir andır". "Report"un məlumatına görə, bunu Heydər Əliyev Mərkəzində gimnastika növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatından öncə keçirilən mətbuat konfransında "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs O Kallahan deyib.
Martın 4-dən I Avropa Oyunlarına 100 günün qalacağını bildirən P.Kallahan təmsil etdiyi komitənin Azərbaycan Gimnastika Federasiyası ilə yaxın əlaqədə olduğunu söyləyib. 2014-cü ilin oktyabrında keçirilmiş silsilə test yarışlarından söz açan idman direktoru Avropa Gimnastika İttifaqında olan dostları tərəfindən bu işə dəstəyin verilməsinin çox gözəl olduğunu vurğulayıb: "Bundan sonra güləş üzrə 2 və boks üzrə sınaq yarışları olacaq. İstəyirik ki, Azərbaycanda idman mədəniyyəti daha da inkişaf etdirilsin. İdman ictimaiyyəti üçün şəhərin hansı vəziyyətdə olduğunu görmək gözəl olacaq. Çünki 4000-dən çox rəsmi şəxs gələcək. İyunda Oyunların hansı şəraitdə keçiriləcəyi onlarda ilk təsəvvür yaradacaq. İstəyirik ki, hər kəs bu yarışları izləsin və idmançıları dəstəkləsin".
Qeyd edək ki, Gimnastika növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatı martın 4-də start götürəcək.