Yuxarı

​Namiq Əliyev: "Avropa Oyunlarında çoxlu gənc güləşçimiz çıxış edəcək"

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti məşqi izləyib

Bakı. 1 iyun. REPORT.AZ/ "Bütün növlərdə - sərbəst, yunan-Roma və qadın güləşi üzrə hazırlıqlar davam edir. Sərbəst güləşçilərimiz İran, qadın güləşçilərimiz isə Monqolustan yığması ilə birgə məşq edir". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib.

N.Əliyev birgə hazırlıq üçün məhz Monqolustan və İran yığmalarına dəvət göndərmələrini hər iki ölkə komandasının dünyada ən güclü pəhləvanlardan ibarət olmaları ilə əlaqələndirib. Federasiya rəsmisi "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək idmançıların tərkibinin hələ tam dəqiqləşmədiyini söyləyib: "Heyət bu həftənin sonunadək müəyyənləşəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Oyunlarda optimal heyətlə çıxış edəcəyik. Güman ki, komandanın tərkibində çoxlu gənc olacaq. Onların arasında sürpriz adlar da olacaq. Amma onlar artıq böyüklər arasında öz sözlərini deyiblər".

I vitse-prezident 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış sərbəst güləşçi Toğrul Əsgərovun da "Bakı 2015"də iştirak edəcəyini söyləyib. Əvəzində digər olimpiya çempionu Şərif Şərifov Avropa Oyunlarına yox, ABŞ-da keçiriləcək dünya çempionatına qatılacaq.

Federasiya rəsmisi I Avropa Oyunlarında Azərbaycan güləşçilərinin çıxışları ilə bağlı proqnoz verməyin çətinliyini də bildirib: "Düşünürəm ki, komandanın durumu kifayət qədər yaxşıdır, yüksək səviyyədədir. Həmişə olduğu kimi güləş öz sözünü deyəcək. Hər növdə ən azı 1-2 qızıl medal almağa qadirik. İdmanda proqnoz vermək çətindir. Zədələr olur".

Qeyd edək ki, bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycanın qadın güləşi üzrə yığma komandasının açıq məşqi keçirilib. Məşqi federasiya rəsmiləri də izləyib. "Bakı 2015" I Avropa Oyunlarında güləş yarışları 13 - 18 iyunda Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi