"Minsk-2019" II Avropa Oyunlarına qatılacaq Azərbaycan nümayəndələrinin sayı açıqlanıb

"Minsk-2019" II Avropa Oyunlarına qatılacaq Azərbaycan nümayəndələrinin sayı açıqlanıb Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 140 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcək.
Avropa Oyunları
11 Fevral , 2019 10:14
Minsk-2019 II Avropa Oyunlarına qatılacaq Azərbaycan nümayəndələrinin sayı açıqlanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 140 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcək.

Bu barədə “Report”a Azərbaycanın şef de-missionu, Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov məlumat verib. Onun sözlərinə görə, heyətdə rəsmilər, məşqçilər, idmançılar, texniki işçilər və digər şəxslər yer alacaqlar: “Avropa Oyunlarına 130-140 nəfərlik nümayəndə heyəti ilə yollanmağı düşünürük. Onlardan 70-80 nəfəri idmançı olacaq. Akkreditasiya prosesi yeni başladığı üçün dəqiq say demək mümkün deyil. Məsələn, hesablama aparan zaman badmintonu nəzərə almamışıq. Amma indi bu idman növündə şans var”.

A.Bağırov artıq Oyunlara vəsiqə qazanan Azərbaycan idmançılarının sayından da söz açıb. O, deyib ki, hələlik ən çox lisenziya gimnastika növündə əldə olunub: “Bədii gimnastikada 1 qadın, batut gimnastikası və tamblinqdə 2 kişi ilə 2 qadın, akrobatikada 2 kişi ilə 2 qadın, idman gimnastikasında 1 kişi və 1 qadın, eləcə də 5 qadından ibarət qrup hərəkətləri üzrə komanda vəsiqəni təmin edib. Həmçinin kayakda 1 qadın, atıcılıqda 2 kişi ilə 1 qadın, samboda 6 kişi, kamandan oxatma və boksda hərəyə 1 qadın, velosiped idmanında 3 kişi və 1 qadın lisenziya götürüb. Velosiped idmanı növündə hələ təsnifat mərhələsi başa çatmayıb. Hazırkı reytinqlə Oyunlara düşürlər". 

MOK rəsmisi digər növlərdən də lisenziya gözlədiklərini açıqlayıb: "Güləşdə tam, ən böyük heyətin bizdə olmasını gözləyirik. Olimpiya çəki dərəcələri üzrə hər birində 6 idmançı olmaqla, sərbəst, yunan-Roma və qadın güləşində mübarizə aparcağıq. Güləşdə təsnifat mərhələsi hələ başlamayıb, apreldə Avropa çempionatında olacaq. Kişi boksçulardan 10 lisenziyanın hamısını gözləyirik. Lakin bu idman növündə təsnifat mərhələsi başa çatmayıb. Hər şey federasiyalardan asılıdır. Çünki heyətin həm böyük, həm də güclü idmançılardan təşkil olunmasını istəyirik. Yəni, keyfiyyət də önəmlidir. Hazırda Avropa Oyunlara hazırlıq gedir. Bununla bağlı davamlı şəkildə federasiyalardan məlumat alır, problemlərlə maraqlanırıq”.

A.Bağırov deyib ki, Azərbaycan nümayəndə heyətinin Oyunlara tam tərkibdə eyni vaxtda gedib-gəlməsi dəqiqləşməyib. O, hazırlıq prosesi barədə də danışıb: “Təşkilat Komitəsi ilə danışıqlar aparırıq. Atletlər Kəndində yer məsələsinə görə idmançıların yarış ərəfəsində Minskə yollanmaları, çıxışlarını başa vurandan sonra oranı tərk etmələri mümkündür. Biz hamının bir yerdə gedib, dönməsini istəyirik. Bu məsələ hələ açıq qalıb. Hazırlıq prosesini isə hər bir federasiya özü qurub. Kimisi xaricdə, kimisi daxildə hazırlıq keçməyə üstünlük verib. Elə növlər üzrə federasiyalar da var ki, yarışlarda iştirak edə-edə hazırlıq keçirlər.   

Şef de-mission Azərbaycanın 3x3 basketbol və çimərlik futbolunda lazımi reytinq xalları toplaya bilməməsi səbəbindən təmsil olunmayacağını vurğulayıb. O, basketbol, voleybol, həndbol kimi komanda növləri ilə yanaşı, taekvondonun Oyunların proqramında ümumiyyətlə yer almayacağını açıqlayıb. 

Qeyd edək ki, Belarus paytaxtında 21 - 30 iyunda keçiriləcək II Avropa Oyunlarına 15 növ üzrə 5000-dən çox idmançı qatılacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 4 növ üzrə mübarizə isə həm də rəsmi Avropa çempionatı sayılacaq. Kişilər 91, qadınlar 89 yarışda iştirak edəcəklər. Daha 21 yarış isə qarışıq olacaq.

Son xəbərlər

Orphus sistemi