Sevil Bünyatova: "Qalib gəlsək bir gündə həyatımız dəyişə bilər, bu Oyunlar lotereya kimidir"
Sevinc Bünyatova: "Nədənsə final yarışları bizə uğur gətirmir, qalibiyyəti son anda əldən çıxarırıq"
Bakı. 16 iyun. REPORT.AZ/ "
- Neçə yaşınızdan qılıncoynatma ilə məşğulsunuz?
Sevil: 8-9 yaşdan.
- Niyə məhz qılıncoynatma? Öz istəyinizlə, yoxsa valideynlərinizin məsləhəti ilə bu idman növünü seçmisiniz?
Sevil: İdmanla məşğul olmağa başlayanda balaca idik. Ona görə də idman növlərindən o qədər də məlumatlı deyildik. Qılıncoynatmaya getməyimiz valideynlərimizin seçimidir.
- Ailə üzvlərinizdən idmanla məşğul olan başqa kimsə varmı?
Sevil: Ailədə ancaq qardaşımız güləşlə məşğul olub. Valideynlərimiz isə başqa sahədə çalışırlar və idmandan fərqli peşə sahibidirlər. Bizi qılınc oynatmaya maraq üçün, belə deyək ki, təsadüfən qoyublar. Sonra yavaş-yavaş yarışlara çıxmışıq görüblər ki, nəticələrimiz var. Ona görə də valideynlərimiz bizi idmandan ayırmayıblar və indi də davam edirik.
- Bugünə qədər hansı yarışlarda iştirak etmisiniz?
Sevil: Avropa və dünya çempionatlarında, Qran-pri yarışlarında mübarizə aparmışıq.
Sevinc: Azərbaycanın yığma komandasının üzvüyük. Bütün yarışlarda ölkəmizi təmsil edirik.
- Karyeranız dövründə hansı nailiyyətlər əldə etmisiniz?
Sevil: Avropa çempionatında 23 yaşlılar arasında komanda üzrə üçüncü yeri tutmuşuq. Bundan başqa Dünya Çempionatında və Qran-pri yarışlarında komanda üzrə dördüncü olmuşuq. İştirak etdiyimiz yarışların əksəriyyətində finala yüksələ bilmişik, amma sonda qalib ola bilməmişik. Nədənsə final yarışları bizə uğur gətirmir, qalibiyyəti son anda əlimizdən çıxarırıq.
- Avropa Oyunlarında hədəfləriniz nədir?
Sevinc: Qılıncoynatma növündə Ukrayna millisi çox güclüdür. Əvvəl belə məlumatlar vardı ki, Ukrayna ilk Avropa Oyunlarına qılıncoynatma yığmasının ikinci heyətini göndərəcək. Amma belə olmadı və Bakıya əsas heyət gəldi. Ukraynanın heyətində olimpia, bir neçə dəfə Avropa çempionu olmuş idmançılar var. Onlara qalib gəlmək bir qədər çətin olacaq. Azərbaycan komandası olaraq əsas hədəfimiz Ukraynaya qalib gəlməkdir. Məşqlərdə bütün qüvvəmizi ortaya qoyuruq və yarışda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
Sevil: Komandada 4 nəfər var. Bizdə yaş fərqi olmur. Hamımız qalibiyyət üçün çalışırıq.
- Yarışa hazırlığınız, məşqiniz necə gedir?
Sevil: Biz Moskvadaydıq və on gün əvvəl qayıtmışıq. Avropa Oyunları ilə əlaqədar təlim məşq toplantısında idik. Sonra isə Avropa birinciliyində iştirak etdik, təəssüf olsun ürəkaçan nəticə əldə etmədik. Hazırda öz zalımızda məşq edirik. Saat 9:00-12:00 arası məşqlərimiz olur.
Sevinc: Avropa Oyunlarının qılıncoynatma növündə yarışacaq idmançılar iyunun 18-də Bakıya gələcəklər. Hazırlıqları onlarla birlikdə davam etdirəcəyik. Hazırda öz aramızda məşqlər edirik. Məşqləri yüksək səviyyədə aparmağa çalışırıq.
- Oyunlarla bağlı həyəcan varmı?
Sevil: Var, əlbəttə. Çox istəyirik qalib gələk, yer tutaq. Çünki birinci dəfədir Azərbaycanda belə böyük yarış təşkil olunub. Qalib gəlsək bir gündə həyatımız dəyişə bilər. Bu Oyunlar lotereya kimidir.
Sevinc: Təbii ki var. Vaxt azaldıqca həyəcan da artır.
- Azərbaycanın ilk Avropa Oyunlarına hazırlıqlarını necə qiymətləndirirsiniz?
Sevil: Yaxşıdır, hətta çox yaxşıdır. Oyunlar Azərbaycanın bütün dünyada tanınması üçün çox vacib idi, artıq hamı tanıyır bizi. Xüsusən açılış günü Azərbaycanı təmsil edən idmançıların paradla səhnəyə gəlməsinin alqışlarla qarşılaması çox qürurverici idi. O səhnələri görəndə, alqışları eşidəndə düşündüm ki, əslində biz də bu insanlardan biriyik, onlardan heç bir fərqimiz yoxdur, amma gör bizi necə qarşılayırlar. Bu bizim üzərimizə daha çox məsuliyyət qoyur. Biz də onların ümidlərini doğrultmaq üçün əlimizdən gələni etməliyik.
Sevinc: Açılış da super oldu, çox bəyəndik.
- Neçə yaşa qədər idmanla məşğul olmaq istəyirsiniz?
Sevil: Nə qədər gücümüz var, o qədər də məşğul olacağıq. Əgər məndən güclü, mənim yerimə keçməyə layiq idmançı varsa, buyursun çıxsın meydana.
Sevinc: Bizim idman növündə yaş fərqi yoxdur, 30, 35, 40 yaşında belə qılıncoynatma ilə məşğul olan idmançılar var. Biz də hələlik karyeramızı davam etdirmək niyyətindəyik.
- Qılıncoynatmanın çətinlikləri varmı və nədədir?
Sevil: Təbii ki, hər idman növündə olduğu kimi qılıncoynatmanın də özünəməxsus çətinlikləri var. Əsas tələb cəldliyin olmasıdır. Cəld olmaq vacibdir və bu olmasa qılıncoynatma mümkün deyil. Amma biz kiçik yaşlarımızdan qılıncoynatma ilə məşğul oluruq və bizim üçün çətin deyil.
Başqa bir çətinlik də eyni gündə bir neçə döyüşün olmasıdır. Bəzən elə idmançı ilə görüşürsən ki, bütün gücün tükənir və yorulursan. Bu səbəbdən də finala çata bilmirsən.
Sevinc: Həm də beynində seçim eləməlisən ki, rəqibinə hansı zərbələri vuracaqsan, o bu zərbələrin qarşısını ala biləcəkmi, əks olaraq mənə hansı zərbə ilə cavab verəcək? Yəni eyni zamanda planlaşdırma da lazımdır. Bu elə bir idman növüdür ki, qəfldən hesab dəyişə bilər. Bu səbəbdən surət vacibdir, həm hərəkətlərdə, həm də düşüncədə. İdmançı hər dəqiqə öz zərbələrinin istiqamətini dəyişməlidir. Eyni zərbələri təkrar etməklə rəqibi udmaq olmur, fərqli zərbələr endirməlisən ki, qarşındakı rəqibin tapa biləsən.
Diqqətli olmalısan, beynində dəqiq hesablamalar aparmalısan. Əgər zehni baxımdan dayansan rəqibi udmaq mümkün deyil.
- Məşqçiniz kimdir və ondan razısınızmı?
Sevil: Bizim məşqçimiz Fikrət Vəliyevdir. Uşaqlıqdan onun rəhbərliyi altında məşq edirik. Biz məşqçimizdən çox razıyıq. Mənə elə gəlir ki, Fikrət müəllim də bizdən razıdır. Əgər razı olmasa bizimlə işləməz. Onun heç vaxt bizim kimi tələbələri olmayacaq.
Sevinc: Demək olar ki, Fikrət müəllim bizim əlimizdən tutub bu günə gətirib. Əlbəttə, o, da bizdən razıdır.
- Digər idman növlərini izləyirsinizmi?
Sevinc: Təbii ki, izləyirik. Medal qazananların oyunlarına baxırıq. İnanın ki onların yerlərinə həyəcan yaşayıram və bəzən kövrəlirəm.
Sevil: Biz necə əziyyət çəkiriksə, bütün idman növləri ilə məşğul olan idmançılar da eyni əziyyəti çəkirlər. Bu səbəbdən də onların hər birinin qalibiyyətinə çox sevinirəm.
- Məşq, yarış zamanı kim-kimə daha çox dəstək olur, məsləhət verir?
Sevinc: Sevil mənə çox məsləhət verir, uduzanda üstümə qışqırır. Necə etməli, hansı istiqamətdə və necə zərbə endirməli olduğumu deyir. Belə deyək də, böyük bacı Sevildir.
Sevil: Komanda yarışlarında Sevinc mənə həmişə deyir ki, üstümə qışqırma. Amma mən qışqırmayanda o, uduzur. Deyirəm, görürsən sən ancaq mən qışqıranda udursan.
- Azərbaycanda qılıncoynatmaya maraq varmı?
Sevil: Bu sahə Azərbaycanda çox da inkişaf etməyib. Bu səbəbdən də qılıncoynatmaya elə böyük maraq yoxdur.
Sevinc: Bu çətin sahədir. Qılıncoynatmada nəsə əldə etmək çox çətindir.
- İdmandan başqa əlavə məşğuliyyətiniz, hobbiniz varmı?
Sevil: Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Biz ancaq idmanla məşğuluq. Belə deyək ki, həyatımızı idmana həsr etmişik.
Sevinc: Əslində, idmandan başqa bir sənətlə məşğul olmağa vaxtımız olmur. Vaxtı və qüvvəmizi məşqlərə sərf edirik. Əgər boş vaxtımız olsa əlavə maraqlarımız da olar.