Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunlarına azı 20 dövlət və hökumət başçısı gələcək. "Report"un məlumatına görə, bu barədə Rusiyanın paytaxtı Moskvada keçirdiyi mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
"Oyunlarda qitənin 50 ölkəsinin idmançıları iştirak edəcək. İlkin hesablamalarımıza əsasən, açılış və bağlanış mərasimlərinə, hebelə yarışları izləmək üçün azı 20 dövlətin başçısı gələcək. Bu günədək Lüksemburq hersoqu, eləcə də Monako knyazı II Albert Oyunlarda iştirak edəcəklərini təsdiqləyib" deyə A.Rəhimov bildirib.
Nazirin sözlərinə görə, açılış və bağlanış mərasimləri Azərbaycanın mədəni irsinə əsaslanacaq: "Lakin bu, açıqlaya biləcəyim yeganə məqamdır. Qalanları isə məxfi qrifi altında saxlanılmalıdır".
Qeyd edək ki, I Avropa Oyunları indiyədək bir çox ölkədə təqdim olunub. "Bakı 2015"in startınadək Roma (İtaliya), Budapeşt (Macarıstan) və Londonda (İngiltərə) da belə mərasimlər baş tutacaq. Moskvada isə Oyunların təqdimatı Azərbaycan həftəsi çərçivəsində - Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində təşkil ediləcək.