Bakı. 16 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Ermənistanın ən güclü samboçuları iştirak edəcək. "Report"un məlumatına görə, bu barədə Ermənistan Sambo Federasiyasının prezidenti Levon Ayrapetyan açıqlama verib.
L.Ayrapetyan Oyunlarda ən güclü heyətlə mübarizə aparacaqlarını bildirib: "Məsələ hansı nailiyyətlərlə qayıdacağımızda deyil. İlk növbədə, bu Oyunlarda iştirak vacibdir. Əlbəttə, güclü heyətlə qatılmalıyıq. Bu, hamıya deyilib. Ermənistanda sambo normal vəziyyətdədir. Dünyada öz yerimiz var. Avropa və dünya çempionatlarından hər il 25 - 30 medal gətiririk".
Federasiya prezidenti "Bakı 2015"də Ermənistana 8 çəki dərəcəsindən 4-də iştirak üçün yer verildiyini söyləyib. O, təəssüflə bildirib ki, ən güclü olduqları çəki dərəcələri Avropa Oyunlarında yoxdur. Qurum rəhbərinin sözlərinə görə, il ərzində ayrılan 20 milyon dram (təqribən 40 min avro) ölkə çempionatı keçirməyə güclə çatır. L.Ayrapetyan olimpiya növü olmadığı üçün samboya qarşı ayrıseçkilikdən də şikayətlənib.
Ermənistan Cüdo Federasiyası da I Avropa Oyunlarına qatılacağını bəyan edib. Federasiyanın vitse-prezidenti David Mxitaryan Bakıda Ermənistan himnini səsləndirmək və bayrağını ucaltmaq istədiklərini açıqlayıb. O, Avropa Cüdo İttifaqının qitə çempionatını "Bakı 2015"lə birgə keçirməyə dair qərarından sonra Azərbaycan paytaxtına gəlməyin vacibliyini vurğulayıb. D.Mxitaryan Avropa Oyunlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsinin cüdoçuları iştiraka sövq edən daha bir səbəb kimi göstərib.
Federasiya rəsmisi yığmanın heyətinin Gürcüstanın paytaxtı Tiflisdə və Türkiyənin Samsun şəhərində keçiriləcək Qran Pridən sonra müəyyənləşəcəyini söyləyib. O, Bakıya ən güclü cüdoçuları göndərəcəklərini əlavə edib.
Qeyd edək ki, daha öncə Ermənistanın yunan-Roma güləşi, boks və taekvondo üzrə yığma komandalarının baş məşqçiləri "Bakı 2015" I Avropa Oyunlarına qatılmayacaqlarını açıqlayıb. Ölkənin Milli Olimpiya Komitəsi isə Oyunlarda iştiraka dair qərar çıxarıb.