"Bu başlanğıc üçün yaxşıdır. Çünki hazırda Tokio Yay Olimpiya Oyunlarına 1 il iki ay qalıb. Üçüncü yer də kifayət edir ki, sonrakı hazırlıqlara bir az ürəkli başlayım. Burada əsas baxdıq ki, hansı vəziyyətdəyik".
Bunu "Report"un Belarusun paytaxtı Minskə ezam olunmuş əməkdaşına açıqlamasında II Avropa Oyunlarında bürünc medal qazanan cüdoçu Elmar Qasımov deyib.
100 kq çəki dərəcəsində yarışan idmançı bildirib ki, Avropa Oyunlarına 5-6 ay hazırlaşıbla: "Düşünürəm ki, hazırlıq boşa getməyib. 1/4 finalda Siril Marey ilə görüşüm normal keçdi. Amma orada fənd edə bilmirdim. Rəqib bir anlıq qolumu tutdu. Düşünürəm ki, belə olmağı daha da yaxşı oldu. Uduzmağı pis qiymətləndirmirəm".
Qasımov təsəlliverici görüşdə məğlub etdiyi monteneqrolu Nikola Pantiç barədə də danışıb: "Səhv etmirəmsə, onu 4-cü dəfə məğlub etdim. Olimpiadaya az qalıb deyə, hamısı başqa cür çıxış edirdi. Yüksək səviyyədə hazırlaşmışdılar".
İdmançı neçə ildən sonra medal qazanmasına da toxunub: "Üç il ərzində hərdən məşq edirdim, ya da etmirdim. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra, demək olar ki, məşq eləməmişəm. Səbəb psixoloji gərginlik idi. Avropa Oyunlarında olan gərginliklə adi yarışın gərginliyi bir deyil. Buradakı vəziyyət adamı psixoloji cəhətdən yorur. Yarış nə qədər böyük olsa, gərginlik də böyüyür. Olimpiadadan sonra bir il çox gərgin oldum. Məşq eləmək və yarışlara getmək istəmirdim. İndi isə ürəklə məşq edəcəyəm".
O, II Avropa Oyunlarında cüdoçuların qızıl medal qazana bilməməsi barədə də fikirlərini söyləyib: "73 kq-da qızıl medal gözləyirdim. Bizim çəkidə isə hazırlaşmışdıq, amma bilirdim ki, o səviyyədə hazır deyilik. 4-5 ay məşq eləmişəm. Düşünürəm ki, 73 kq-da uşaqlar özlərini pis apardılar (gülür)".