Aİ Mərkəzi Asiya, Qara dəniz regionu, Cənubi Qafqaz ilə dialoqun davam olunacağına ümid edir

Region
  • 16 noyabr, 2026
  • 21:10
Aİ Mərkəzi Asiya, Qara dəniz regionu, Cənubi Qafqaz ilə dialoqun davam olunacağına ümid edir

Avropa İttifaqı (Aİ) gələn il Mərkəzi Asiya, Qara dəniz regionu və Cənubi Qafqazdan olan tərəfdaşlarla nazirlər səviyyəsində görüşlərin davam olunacağına ümid edir.

Bu barədə "Report"un Avropa bürosuna Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nümayəndəsi bildirib.

"Bu artıq ikinci belə görüş idi. Birincisi ötən ilin oktyabrında baş tutmuşdu və mən ümid edirəm ki, biz bu formatı davam etdirəcəyik", - o, Aİ ölkələrinin XİN başçılarının qeyd olunan regionlardan olan tərəfdaşlarla görüşündən sonra bildirib.

Onun sözlərinə görə, indiki geosiyasi vəziyyətdə Transxəzər və Transqafqaz nəqliyyat dəhlizləri bütün iştirakçı tərəflər üçün xüsusi əhəmiyyət kəsb edir.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında müzakirələrin nəticələrini şərh edərkən bildirib ki, regionlararası təhlükəsizlik və bağlılıq məsələlərinə dair ayrıca dəyirmi masada Cənubi Qafqaz, Mərkəzi Asiya, Moldova, Türkiyə və Ukraynadan olan nazirlərlə birlikdə nəqliyyat bağlılığı, enerji və rəqəmsal əlaqələr, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

O vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi regionda nəqliyyat və ticarət əlaqələri üçün də təhlükə yaradır. "Elə ötən gün Qara dənizdə üç gəmi Rusiya Federasiyası tərəfindən hücuma məruz qalıb ki, bu da qlobal ərzaq təhlükəsizliyinə təhlükə yaradır", - Kallas qeyd edib.

"Avropanın həmrəylik dəhlizləri Ukrayna taxılını bazarlara çatdırmağa kömək edir, lakin avtomobil və dəmir yolu nəqliyyatı dəniz gəmiləri kimi eyni həcmləri daşımaq iqtidarında deyil", - Kallas bildirib.

Onun sözlərinə görə, atəşkəs insanların həyatını və ərzaq ticarətini qorumağa imkan verərdi. Kallas xatırladıb ki, Ukrayna belə addım təklif edib, lakin Rusiya bunu rədd edib.

Aİ diplomatiyasının rəhbəri, həmçinin bildirib ki, Avropa İttifaqı Qara dəniz regionunda Dəniz Təhlükəsizliyi Mərkəzinin (Black Sea Maritime Security Hub) yaradılmasına 50 milyon avro investisiya edir. Onun vəzifəsi ölkələr arasında məlumat mübadiləsini sürətləndirmək və gəmiçiliyə qarşı təhdidləri daha operativ şəkildə aşkar etmək olacaq.

Qeyd edək ki, regionlararası təhlükəsizlik və əlaqəlilik məsələləri üzrə ikinci nazirlər görüşü Brüsseldə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın, genişlənmə məsələləri üzrə avrokomissar Marta Kosun və beynəlxalq tərəfdaşlıq üzrə avrokomissar Yozef Sikelanın birgə sədrliyi ilə keçirilib.

Görüşdə Aİ-yə üzv dövlətlərin, Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistanın xarici işlər nazirləri və yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

İştirakçılar qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən nəqliyyat, rəqəmsal infrastruktur və energetika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiq ediblər. Onlar vurğulayıblar ki, ümumi təhlükəsizlik çağırışlarına birgə reaksiya və regionlararası əlaqəliliyin gücləndirilməsi sülhün, sabitliyin, dayanıqlığın və davamlı iqtisadi artımın təmin edilməsi üçün həlledici əhəmiyyətə malikdir.

44 filmi