Birinci Avropa Oyunlarının məşəli Ağdama gətirilib

Birinci Avropa Oyunlarının məşəli Ağdama gətirilib Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi olub
Avropa Oyunları
10 May , 2015 22:50
Birinci Avropa Oyunlarının məşəli Ağdama gətirilib

Bakı. 10 May. REPORT.AZ/ Ölkəmizi bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 10-da Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirildi. "Report" xəbər verir ki, axşam saatlarında birinci Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi oldu.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edib, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına çatdılar. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini coşqu ilə qarşıladı.

Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.

Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı 2015”in rəmzi kimi rayonda saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi