Yuxarı
    Bağlamaq

    Belarusun idman və turizm naziri Azərbaycandan olan mütəxəssislərə təşəkkür edib

    Minskdə II Avropa Oyunlarına hazırılıqla əlaqədar şef-de-missionlar üçün seminar keçirilir

    Bakı. 11 iyul. REPORT.AZ/ Belarusda “Minsk 2019” II Avropa Oyunlarına hazırılıqla əlaqədar iştirakçı ölkələrin şef-de-missionları üçün seminar keçirilir.

    Bu barədə “Report”a “Minsk 2019” II Avropa Oyunları Əməliyyat Komitəsinin (MEGOC) Əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədov məlumat verib. O, bildirib ki, Minskdəki Belarus Olimpiya Komitəsinin mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycanı Həsənağa Rzayev təmsil edir. İyulun 13-dək davam edəcək ilk seminara 44 ölkənin nümayəndələri qatılıblar. 

    S.Məmmədovun sözlərinə görə, Belarusun idman və turizm naziri Sergey Kovalçuk tədbirdə çıxışı zamanı Azərbaycana və Azərbaycandan gələn mütəxəssislərə yüksək səviyyədə köməklik göstərdikləri və işlərinin öhdəsindən yaxşı gəldikləri üçün təşəkkür edib. Həmçinin, seminara qatılan “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq Avropa Oyunlarının Azərbaycanın sayəsində daha böyük irəliləyişə nail olduğunu vurğulayıb. 

    Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 – 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi