Bakı. 25 iyun. REPORT.AZ/ "Gimnastika yarışlarının keçirildiyi məkanda tamaşaçı tutumu kifayət qədər çox idi. 6 gün ərzində 6 növ üzrə yarışlar oldu. Bunlardan 4-ü Olimpiya, 2-si isə qeyri-Olimpiya növü idi". "Report" xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.
O bildirib ki, akrobatika və aerobika növlərində qeydə alınan nəticələr tək Azərbaycan üçün deyil, eləcə də Avropa və beynəlxalq gimnastika üçün böyük nailiyyətdir: "Xüsusilə akrobatika Olimpiya növü olmaq istəyir. Avropa Oyunları demək olar ki, olimpiada səviyyəsindədir. Hesab edirəm ki, I Avropa Oyunları uğurlu addımdır".
F.Qayıbov qeyd edib ki, Azərbaycanın kişi gimnastı Oleq Stepko Oyunlar müddətində 5 medal qazanıb, bu da Avropa Oyunlarında ilkdir: "Onun 5 medal qazanması bizim üçün əlamətdar hadisədir. Digər idmançımız Marina Durunda 2-ci yeri tutdu. Gimnastikanın batut növündə də bürünc medalımız oldu".
O vurğulayıb ki, son 2 il ərzində Azərbaycan Gimnastika Federasiyası 3 yeni idman növünü inkişaf etdirməyə başlayıb: "Bunlardan biri batut növü idi və Avropa Oyunlarında medal qazandıq. 13 ildir ki, Gimnastika Federasiyasında çalışıram və bizim arenadan dünyanın heç yerində görməmişəm. Arenamız növbəti illərdə idmançılarımız üçün əldə edəcəyi uğurların təməlidir. İnanıram ki, gələcəkdə idmançılarımız Olimpiya Oyunlarında daha da yüksək nəticələr əldə edəcəklər".
Gələcək planlar barədə məlumat verən baş katib diqqətə çatdırıb ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bədii, idman və batut gimnastika növləri üzrə Azərbaycan idmançılarının da iştirak edəcəyinə inanırlar: "Növbəti olimpiadada iştirak üçün hər 3 növ üzrə 1-2 idmançımız lisenziya qazana bilər".