​"Bakı 2015" və Azərbaycan Güləş Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

​"Bakı 2015" və Azərbaycan Güləş Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb Mərasim iştirakçılarına Azərbaycan güləşçilərinin bugünədək qazandıqları uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib
Avropa Oyunları
10 Mart , 2015 14:59
​Bakı 2015 və Azərbaycan Güləş Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə AGF-nin I vitse-prezidenti Namiq Əliyev, federasiyasının baş katibi Əjdər Cəfərov və BEGOC-un Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak edib.

İlk olaraq mərasim iştirakçılarına Azərbaycan güləşçilərinin bugünədək qazandıqları uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra N.Əliyev aprelin 16-dan AGF-nin Açıq Kubokunun keçiriləcəyini deyib. N.Əliyev Avropa Oyunlarına sınaq xarakteri daşıyan yarışda iştirak istəyi ilə bir neçə ölkənin təklif göndərdiyini vurğulayıb: "Çalışacağıq ki, sınaq yarışlarında iştirak etmək istəyən ölkələrin sayı Oyunlardakı iştirakçılardan çox olmasın. Avropa Oyunlarında güləş üzrə təxminən 470-ə yaxın idmançı çıxış edəcək. Demək olar ki, elə bu qədər də idmançının test yarışlarında iştirakı gözlənilir. Dünya Güləş Birliyi döşəklərin rənginin dəyişdirilməsinə dair qərar verib. Sınaq yarışlarında da bu cür döşəklərdən istifadə olunacaq. İdmançıların mükafatlandırılması da Oyunlara uyğun qaydada keçiriləcək. Bundan sonra I Avropa Oyunlarına qədər Azərbaycanda bizim elə də turnirimiz olmayacaq. Bu da imkan verəcək ki, hazırlıq səviyyəsini hərtərəfli yoxlayaq və səhvlər varsa, onları qaydasına qoyaq".

Federasiya rəsmisi zədə səbəbindən yarışlarda uğurlu çıxış etməyən Toğrul Əsgərov haqda da danışıb. Onun sözlərinə görə, idmançının vəziyyəti normaldır: "Toğrul yarışlarda iştirak edəcək. Onun çəki məsələsinə gəlincə, 70 kq olimpiya çəkisi deyil. O, 65 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək".

N.Əliyev qadın güləşi üzrə Azərbaycan yığmasının Rusiyanın Sankt-Peterburq şəhərindəki Dünya Kubokunda 5-ci yerlə kifayətlənməsinə də münasibət bildirib: "Dünya Kubokunda hakimlərin kobud səhvləri üzündən komandamız yaxşı nəticə göstərə bilmədi. Məhz həmin səhvlər üzündən 2 hakim yarışdan kənarlaşdırıldı. Əslində yığmamız finala yüksəlməli idi. Əfsuslar olsun ki, bu cür nəticə qeydə alındı. İdmanda belə nəticələr olur".

E.Səfərov isə sınaq yarışlarının önəmindən bəhs edib. Oyunlara 93 gün qaldığını deyən BEGOC rəsmisi yarışların keçiriləcəyi bütün idman komplekslərini yoxlayacaqlarını deyib: "Heç kəsə sirr deyil ki, güləş bizim idmanda xüsusi əhəməiyyət yer kəsb edir və burada tamaşaçı problemi olmayacaq. Sınaq yarışlarının BEGOK üçün xüsusi əhəmiyyəti var. Bu gün imzalanacaq sənədin mahiyyəti ondan ibarətdir ki, bizim komitə bəzi funksiyaları öz üzərinə götürür və tədbirin keçirilməsində də iştirak edəcək".

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi