Yuxarı

Azərbaycanın 2 taekvondoçusu "Bakı 2015"də finala vəsiqə qazanıb

Bunlar Fəridə Əzizova ilə Milad Beygi Harçeganidir

Bakı. 18 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında bu gün mübarizəyə qatılan kişi taekvondoçu Milad Beygi Harçegani də finala yüksəlib. "Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı yarımfinalda portuqaliyalı Julio Ferreyranı məğlubiyyətə uğradıb - 6:2. 

Həlledici görüşdə Harçeqaninin rəqibi Roberto Botta (İtaliya) - Albert Qaun (Rusiya) cütünün qalibi olacaq. 

*** 17:11

Azərbaycanı Avropa Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova finala yüksəlib. "Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı yarımfinalda isveçli Elin Yohanssonu məğlub edib - 5:2.

Qızıl medal qarşılaşmasında rəqib Anastasiya Barışnikova (Rusiya) - Habi Niare (Fransa) cütünün qalibi olacaq. 

*** 16:05

Azərbaycanı Avropa Oyunlarında təmsil edən kişi taekvondoçu Milad Beygi Harçegani də yarımfinala yüksəlib. "Report"un məlumatına görə, Harçeqani 1/4 finalda böyük britaniyalı Lutalo Muhammadla qarşılaşıb. 

Döyüşün əvvəllərindən üstünlüyə yiyələnən yerli taekvondoçu üçüncü hissədə 17:5 hesablı qələbə ilə vaxtından əvvəl yarımfinala çıxıb. Harçeqani növbəti mərhələdə portuqaliyalı Julio Ferreyra ilə üz-üzə gələcək. 

*** 15:48

Azərbaycanı Avropa Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova 1/4 final görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib türkiyəli Nur Tatar olub. 

Görüş yerli idmançının qələbəsi ilə yekunlaşıb - 6:2. İlk hissədə F.Əzizova 2:1 hesablı üstünlük əldə edib. İkinci hissədə o, daha bir xal alaraq fərqi 2-yə çatdırıb. Üçüncü hissənin əvvəlində isə hakimin qərarı ilə əlaqədar mübahisəli an yaranıb. Bu səbəbdən görüş bir neçə dəqiqəlik dayanıb. Gorüşün qalan bölümündə fərqi daha da artıran F.Əzizova inamlı qələbə sayəsində yarımfinala yüksəlib. 

Növbəti mərhələdə onun rəqibi isveçli Elin Yohansson olacaq. 

*** 11:01

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında mübarizəyə qoşulan Azərbaycanın hər iki taekvondoçusu növbəti mərhələyə yüksəlib. "Report"un məlumatına görə, qadınların yarışında 67 kq çəkidə mübarizə aparan Fəridə Əzizova Joys Van Baareni məğlub edib - 2:0.

F.Əzizova 1/4 finalda türkiyəli Nur Tatarla üz-üzə gələcək.

Kişilərin mübarizəsində isə 80 kq çəkidəki Milad Beygi Harçegani serbiyalı Damir Feyziçi böyük fərqlə üstələyib - 12:0. Onun 1/4 finaldakı rəqibi böyük britaniyalı Lutalo Muhammad olacaq.

*** 10:05

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında daha 2 çəki dərəcəsində taekvondo üzrə yarışlara start veriləcək. "Report"un məlumatına görə, qadınlar 67 kq, kişilər isə 80 kq çəki dərəcələrində mübarizə aparacaqlar. 

Kişilərin yarışında Azərbaycanı Milad Beygi Harçeqani təmsil edəcək. Onun ilkin mərhələdəki rəqibi serbiyalı Damir Feyziç olacaq. 

Qadınların mübarizəsində isə Fəridə Əzizova döyüşəcək. F.Əzizova ilk görüşündə hollandiyalı Joys van Baarenlə üz-üzə gələcək. Hər iki çəki dərəcəsində qalib gələn taekvondoçular 1/4 finala yüksələcəklər.

Qeyd edək ki, taekvondo üzrə ilk 2 yarış günündə 4 taekvondoçumuz çıxış edib. Onlardan Ayxan Tağızadə (68  kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi