BMT - nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu gün Quba rayonunda III Aqrobiznesin İnkişafı Forumu keçirilir.
"Report"un Şimal bürosunun məlumatına görə, tədbirin məqsədi kənd təsərrüfatı əsaslı biznes sektorunda qlobal təcrübələri bölüşmək və maraqlı tərəfləri bir araya gətirərək müzakirələr aparmaqdan ibarətdir.
Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Əliyar Məmmədyarov, FAO-nun regional nümayəndəsinin müavini Nabil Gangi, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman iştirak edirlər.
Artıq üçüncü ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Forumda aqrobiznes sektorunun hazırkı vəziyyəti və gələcək perspektivləri, habelə, iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət-özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olunur.
Kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar "yaşıl maliyyə" və iqlimə davamlılıq üçün dövlət dəstək alətləri, kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlətləri Təşkilatı (TDT) regionunun kənd təsərrüfatı potensialı mövzusunda panel müzakirələri keçirilir.
Panellərdə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, aqrar sahənin inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılır.
Eyni zamanda paralel sessiyada kənd təsərrüfatı kreditləri ilə işin təşkil barədə danışıqlar aparılacaq.
Forumun sonunda kənd təsərrüfatının maliyyələşdirilməsində uğur hekayələri, uğurla maliyyələşdirmə əldə etmiş və əməliyyatlarını genişləndirmiş yerli təsərrüfatların və ya aqrobizneslərin video təqdimatları və onların mükafatlandırılması prosesi də həyata keçiriləcəkdir.