Özbəkistan fermerləri Azərbaycanda heyvandarlıq və müxtəlif bitkilərin əkilməsi ilə bağlı investisiya layihələrində iştirak etməyə dəvət olunub.
“Report” Özbəkistan KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Özbəkistanın Bakıdakı səfiri Bahrom Əşrəfxanovla keçirdiyi görüşdə müzakirələr aparılıb.
Qeyd edilib ki, özbəkistanlı fermerlər mayın 15-17-də Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə dəvət olunub.
Görüş zamanı kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan tərəfinə Özbəkistanın kənd təsərrüfatı sahəsinin inkişafı, 2030-cu ilə qədər bu ölkənin kənd təsərrüfatının inkişafı strategiyasının istiqamətləri, bu sahənin rəqəmsallaşdırılması sahəsində Azərbaycan təcrübəsinin tətbiqi istiqamətində görülən işlər, sudan səmərəli istifadə, fındıq və s. barədə məlumat verilib.