Nazir: "Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin böyük rolu olub"

Nazir: "Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin böyük rolu olub" Azərbaycanda digər sahələr kimi kənd təsərrüfatının da inkişafında Ümumilli Lider Heydər Əliyevin böyük rolu olub.
ASK
14 İyun , 2023 11:46
Nazir: Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin böyük rolu olub

Azərbaycanda digər sahələr kimi kənd təsərrüfatının da inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov rəhbərlik etdiyi qurumda Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə bildirib.

"H.Əliyev Azərbaycanın inkişafında, dövlətçiliyimizin qurulmasında və möhkəmlənməsində tarixi rola məxsus şəxsiyyətdir. Ölkənin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında onun müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplər önəmli rol oynayıb. Bu prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət günümüzdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir", - deyə o qeyd edib.

"Ümummilli Liderin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulmasında və inkişafında müstəsna rolu olub. Onun aqrar sahədə həyata keçirdiyi islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb. Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində ölkədə aqrar sahənin inkişaf istiqamətlərini müəyyən edən kompleks sənəd hazırlanıb, “Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” tarixi qərar qəbul edilib. Bu sənəd Respublikada kənd təsərrüfatının inkişafı üçün konkret vəzifələri və tədbirləri müəyyən edən strateji sənəd - fəaliyyət proqramı idi. Qəbul olunan sənəd əsasında ölkədə pambıqçılığın, taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, çayçılığın və heyvandarlığın inkişafı üçün proqramlar hazırlanıb, bitkiçilik və heyvandarlıq sahələrinin regionlar üzrə ixtisaslaşmasının əsası qoyulub. Bununla da Azərbaycanda günümüzə qədər davam edən aqrar sahənin dayanıqlı inkişafının təməl prinsipləri müəyyənləşib”, - deyə nazir vurğulayıb.

M.Məmmədov əlavə edib ki, həmin proqramın üzərindən 60 ilə yaxın vaxt keçsə də, aqrar sahənin dinamik inkişafı üçün H.Əliyevin müəyyən etdiyi həmin vəzifələr, yəni - aqrar sahəyə investisiya qoyuluşlarının artırılması, kənd təsərrüfatı texnikasının əsas növləri, mineral gübrələr və pestisidlərlə təminat, aqrar sahənin ixtisaslı kadrlarla təminatı, kənd təsərrüfatının elmi təminat bazasının gücləndirilməsi hələ də aktuallığını qoruyan çağırışlardandır: "Sovet ittifaqı dönəmində “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında”, “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” qərarların qəbulu, kənd təsərrüfatında idarəetmə institutlarının gücləndirilməsi aparılan ən uğurlu islahatlar sayılmalıdır".

Onun sözlərinə görə, müstəqillik dövründə də Ümummilli Liderin əsas diqqət ayırdığı sahələrdən biri məhz kənd təsərrüfatı olub: "Məhz onun təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə torpaq islahatı həyata keçirilib. Dövlət mülkiyyətində olan torpaqların vətəndaşların şəxsi mülkiyyətinə verilməsini nəzərdə tutan bu islahatlarla yeni yaranmış müstəqil ölkənin iqtisadi təhlükəsizliyinin, ərzaq və qida təhlükəsizliyinin əsasları formalaşdırılıb. Torpaq islahatı müstəqillik dövründə Ümummilli Liderin ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində yürütdüyü siyasətin yalnız bir istiqaməti idi. Azərbaycanda kənd təsərrüfatının ənənəvi, ixtisaslaşmış sahələrinin yenidən inkişaf etdirilməsi, Sovet İttifaqı süquta uğradıqdan sonra post sovet məkanında dağılmış əlaqələrin bərpası, aqrar məhsulların ənənəvi bazarlara ixracının təmin olunması üçün Heydər Əliyev uğurlu addımlar atıb. Məhz aparılmış siyasət nəticəsində müstəqilliyin ilk illərində aqrar sektorda müşahidə olunan pərakəndəlik aradan qalxdı, sistemli inkişaf yoluna qədəm qoyuldu".

Son xəbərlər

Orphus sistemi