Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz rayonunun Alıcıqışlaq kəndində taxıl biçinini izləyib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu il Xaçmazda 18 942 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 12 029 hektarını buğda, 6 913 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesində 48 kombayn iştirak edir. Bunlardan 28-i fiziki və hüquqi şəxslərin mülkiyyətindəki kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 20 kombayn dislokasiya edib.
Artıq rayon üzrə zəmilərin 45,2 %-də biçin başa çatıb. Başqa sözlə, bu günə qədər 8 570 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 25 126,5 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 29,3 sentnerdir.
Nazir fermerlərlə müzakirələrdə taxılçılığın inkişafı, düzgün toxum seçimi, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət edilməsi, yeni becərmə üsulları, dövlət dəstəyi mexanizmləri və digər mövzular ətrafında fikir mübadiləsi aparıb, aqrar sahənin inkişafı ilə bağlı fermerlərin təkliflərini qeydə alıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verib.
Artıq payızlıq əkin sahələrinin 58 %-də və yaxud 588 577 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 1 052 160 ton arpa, 825 419 ton buğda yığılıb. Arpa sahələrinin 83,1 %-də, buğda sahələrinin isə 40,1 %-də biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,8 sentner, buğda üzrə isə 35,1 sentner təşkil edir.