Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqro Biznes Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib.
"Report" xəbər verir ki, nazir əvvəlcə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlərə dair ətraflı məlumat verilib, aqrar sahədə rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb. Görüşdə həmçinin, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu formatda tədbir və görüşlər keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra M.Məmmədov və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib. Görüşdə Azərbaycanın dövlət başçısının ölkəmizin TDT-nin güclənməsində maraqlı olduğu və təşkilata üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini dəfələrlə qeyd etdiyi vurğulanıb.
Görüşdə təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli müstəvidə təşkilata üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.