Kürdəmirdə Aqrar İnnovasiya Festivalı keçirilib

Kürdəmirdə Aqrar İnnovasiya Festivalı keçirilib Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilin son Aqrar İnnovasiya Festivalı Kürdəmir rayonunda keçirilib.
ASK
15 Dekabr , 2023 12:36
Kürdəmirdə Aqrar İnnovasiya Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilin son Aqrar İnnovasiya Festivalı Kürdəmir rayonunda keçirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, festivalda Kürdəmirlə yanaşı Sabirabad, İmişli, Zərdab, Ucar, Göyçay, Ağsu və Hacıqabul rayonlarından da olan fermerlər iştirak edib.

Tədbirdə aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl bölmələri təmsil edən qurum və şirkətlərin nümayəndələri öz məhsul və xidmətlərinin tanıtımını həyata keçiriblər. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən ənənəvi məhsullar ilə yanaşı, “ağıllı” kənd təsərrüfatı sistemləri, quraqlığadavamlı yeni seleksiya nailiyyətləri, ekoloji sistemə uyğun texnologiyalar və mütərəqqi avadanlıqlar nümayiş olunub.

Festivalda yerli şirkətlərlə yanaşı Özbəkistanın orqanik gübrə və biotexnoloji avadanlıqların istehsalı, eləcə də kənd təsərrüfatı texnikaları üzrə ixtisaslaşmış 2 şirkəti iştirak edib. Bundan başqa, festivalda kənd təsərrüfatı sahəsi üzrə mütərəqqi texnologiyaların tətbiqinin rolu və effektivliyinin nümayişi məqsədilə məhsul istehsalçıları üçün “Rəqəmsal kənd təsərrüfatı biliklərinin artırılması” bölməsi üzrə panel müzakirəsi keçirilib. Eyni zamanda yerli bazarda fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri tərəfindən sensor panel və ya smartfondan istifadə etməklə suvarmanı idarə etməyə və göstəricilərə nəzarət etməyə imkan yaradan mütərəqqi texnologiyalar, kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyalar, kənd təsərrüfatı sahəsində fermerlərin xidmətlərə əlçatanlığının artırılması məqsədilə yaradılmış mobil tətbiqlər barədə təqdimatlar edilib, qabaqcıl texnologiyaların, təcrübələrin istifadəsinin təşviqi ilə bağlı müzakirələr aparılıb. Aqrar sahədə rəqəmsallaşmanın kənd təsərrüfatında məhsuldarlığın və xərclərin səmərəliliyini artırmağa, məhsul itkisini və israfını azaltmaqla, iqlim dəyişikliyinə uyğunlaşmanı asanlaşdırmağa və bazar imkanlarını genişləndirmək xidmətləri barədə məhsul istehsalçıları maarifləndirilib. Festivalın yeni bir bölməsində yüksək iqtisadi gəlir potensialına malik bitkilər sərgilənib və fermerlərə səmərəli yetişdirmə üsullarından və texnologiyalardan istifadə etməklə yüksək gəlir dəyəri olan bitkilərin əkini ilə məşğul olmaqla təsərrüfatın gəlirliliyini bir neçə dəfə artırılmasının mümkünlüyü barədə məlumatlar verilib. Həmçinin festival çərçivəsində yerli şirkətin mütəxəssisləri tərəfindən sahibkarlara təlim keçirilib.

Festivalın yaratdığı əməkdaşlıq imkanlarından yararlanan iki özəl şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığa əsasən kənd təsərrüfatı texnikaları üzərində məsafədən idarəolunan GPS texnologiyaları quraşdırılıb.

Bundan başqa, festival çərçivəsində arıları “varroa” gənələrindən təmizləyən daha bir qurğunu yerli şirkət rayonun qabaqcıl arıçılarından birinə ianə edib.

Bu il Azərbaycanda 14 rayonda Aqrar İnnovasiya Festivalı keçirilib. 12 000-ə yaxın fermerin iştirak edib faydalandığı bu festivallarda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsul və texnologiyalar sərgilənib, aqrar sahənin prioritet mövzularına dair 50-ə yaxın təlim və məlumat sessiyası keçirilib. Növbəti ildə də festivalların bütün iqtisadi rayonlarda keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi