Azərbaycanda 1,485 milyon hektar suvarılan torpaq sahəsi var ki, bunun da, təkcə bu il 8,1 %-i və ya 120 551 hektarında müasir suvarma sistemləri tətbiq edilib.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, il tamam olmasa da, bu il müasir suvarma sistemləri tətbiq edilən sahələrin həcmi ötən ildən çoxdur (2023-cü ildə 119,5 min hektar): “Hazırda Azərbaycanda 61 222 hektar pivot sulama ilə təmin edilib”.
O qeyd edib ki, ötən il dövlət maliyyəsi hesabına 8 349 hektar ərazinin müasir suvarma ilə təmin edilməsi üçün 19,3 milyon manat subsidiya ayrılıb: “Təkcə bu ilin 6 ayında isə 1 886 hektar ərazinin müasir suvarma sistemi ilə təmin edilməsi üçün 4,1 milyon manat subsidiya ayrılıb”.
Firudin Tağıyev hesab edir ki, əkin sahələrini genişləndirmədən, müasir suvarma sistemlərinin tətbiqi ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür.