Kənd Təsərrüfatı Nazirliyi kredit və güzəştlərlə bağlı 9 aylıq göstəriciləri açıqlayıb

Kənd Təsərrüfatı Nazirliyi kredit və güzəştlərlə bağlı 9 aylıq göstəriciləri açıqlayıb Bu ilin yanvar-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi 5 473 ədəd kənd təsərrüfatı texnikasının və avadanlığının alınması üçün 43,9 milyon manat kredit və 65 milyon manat güzəşt ayırıb.
ASK
30 Noyabr , 2023 11:48
Kənd Təsərrüfatı Nazirliyi kredit və güzəştlərlə bağlı 9 aylıq göstəriciləri açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi 5 473 ədəd kənd təsərrüfatı texnikasının və avadanlığının alınması üçün 43,9 milyon manat kredit və 65 milyon manat güzəşt ayırıb.

"Report" xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Bakıda keçirilən "Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı" mövzusunda tədbirdə bildirib.

Bundan başqa, o qeyd edib ki, hesabat dövründə 2 513 baş damazlıq heyvanın maliyyələşdirilməsinə 5,7 milyon manat güzəşt ayrılıb, 1 401 sahibkara 16,8 milyon manat güzəştli kreditlər verilib. 398 min 544 kənd təsərrüfatı istehsalçısına bitkiçilik və heyvandarlıq sahələri üzrə 272,5 milyon milyon subsidiya ödənilib.

Nazir qeyd edib ki, əsas məqsəd milli kənd təsərrüfatı ərzaq sistemlərinin inkişafı, ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, ticarətin inkişafı, dayanıqlı kənd təsərrüfatı yaratmaqdır.

Onun sözlərinə görə, hazırda Azərbaycan kənd təsərrüfatına dəstək mexanizmlərinə görə qabaqcıl ölkələrdən biridir: "Sektor bütün növ vergi ödəmələrdən azad olub. Bu yaxınlarda, Milli Məclisdə aparılan müzakirələrə əsasən gələn il yanvarın 1-dən sektorunun vergidən azad olunması müddəti daha 4 il uzadılır. Ölkədə fermerləri dəstəkləmək üçün müxtəlif növ güzəşt və kredit mexanizmləri mövcuddur".

"Azərbaycan hökuməti əlverişli investisiya mühitinin yaradılması ilə kənd təsərrüfatını inkişaf etdirmək üçün müxtəlif istiqamətli işlər görür. Ölkə Prezidentinin 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi barədə Sərəncamından irəli gələrək hazırlanmış "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda hədəflənən fəaliyyətlərə nail olmaq üçün və qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək üçün aqrar sahəyə fermerlərin və dövlət-özəl tərəfdaşlığının cəlb olunması mühüm şərtdir. Bildiyiniz kimi, dövlət başçısı dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətlərin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanunu imzalayıb. Bu sənədin Azərbaycanda aqrar sektora əlavə investisiya cəlb olunması, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətin artırılması məqsədilə dövlət-özəl tərəfdaşlığının inkişafında mühüm işlər görülməsinə və geniş imkanlara çıxış verəcəyinə inanıram".

Son xəbərlər

Orphus sistemi