Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı 3,5 % artıb
- 13 iyun, 2023
- 14:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 116 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % çoxdur.
Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 0,9 % artaraq 743 milyon manat olub, heyvandarlıq məhsulların dəyəri isə 3,5 % artaraq 2 milyard 372 milyon manat olub.
Bu il ölkədə yaz-tarla işləri davam etdirilir və 2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 % az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 59 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 28,7 min hektarı dən üçün qarğıdalı), 49 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 16,9 min hektar sahədə bostan bitkiləri, 94 min hektar sahədə pambıq, 10 min hektar sahədə dən üçün günəbaxan, 4,5 min hektar sahədə şəkər çuğunduru, 2,6 min hektar sahədə tütün, 44 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 1,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Hesabat dövründə quş əti də daxil olmaqla diri çəkidə 226,9 min ton ət, 909,5 min ton süd, 918,6 milyon ədəd yumurta, 11,7 min ton yun, 116,8 ton barama istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 %, süd istehsalı 2,1 %, yumurta istehsalı 11,4 %, barama istehsalı 3,6 dəfə artıb, yun istehsalı isə 2 % azalıb.