"Qarın qışda, yəni vaxtında yağması kənd təsərrüfatı üçün xeyirli, yazda yağması isə çox ziyandır, çünki yaz ayları ağacların çiçəklənən dövrüdür".
Bunu “Report”a açıqlamasında Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyib.
"Bir neçə ildir ki, dünyada havaların quraq keçməsi kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu hal təkcə bizim ölkə ilə bağlı deyil, ekoloji tarazlığın pozulması ilə bağlıdır və qlobal problemdir. Həddindən çox temperatur bitkilərin böyüməsinə mane olur. Dəyişən iqlim kənd təsərrüfatı istehsalına geniş təsir göstərir və gələcəkdə ərzaq təhlükəsizliyinə problem yarada bilər. İqlim dəyişikliyi, çox güman ki, ərzaq qiymətlərinin artımında da rol oynayır. Qar yağması payızlıq əkinlər üçün olduqca çox əhəmiyyətlidir. Havalar quraqlıq keçdikcə ayrı-ayrı yerlərdə, xüsusilə Böyük və Kiçik Qafqazın ətəklərində yerləşən rayonlarda gəmiricilərin sayı artır. Bu isə payızlıq taxıllara ciddi ziyan vurur. Qar nə qədər çox olsa, torpaqlarda da su ehtiyatlarının toplanması xüsusilə dəmyə əkinçiliyində əhəmiyyətli rol oynayar, həmçinin ölkəmizin daxili su ehtiyatlarının artmasına müsbət təsir göstərər”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Azərbaycanda yağıntılar bərabər paylanılmır: "Aqrotexniki tədbirlər yüksək səviyyədə aparılsa belə, bitkilərin yetişdirilmə dövrlərində yağışın az olması istehsalda kəmiyyət və keyfiyyət göstəricilərini xeyli dərəcədə azaldır. Biz bunun ötən il şahidi olduq. Bu, xüsusilə, Şəki iqtisadi rayonunda, Böyük Qafqazın ətəyində yerləşən digər dəmyə əkinçilik zonalarında daha qabarıq formada üzə çıxıb. Quraqlıq ötən il bəzi ərazilərdə taxılın məhsuldarlığına və keyfiyyətinə təsir edib. Taxıla tələbat hər zaman artır. Havaların quraq keçməsi tək dəmyə əkinçiliyində deyil, həmçinin suvarma əkinçiliyində də, torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin yaxşılaşdırılmasında, torpaqların mikro-bioloji xüsusiyyətlərinin artırılmasında olduqca əhəmiyyətlidir. Ona görə payız və qış aylarında yağan yağışlar yazda əkin aparılması üçün olduqca vacibdir".
"Hazırda suvarma suyuna olan tələbatın 20 %-i daxili ehtiyatlarımız hesabına, 80 %-i isə tranzit suların hesabına ödənilir. Bu, olduqca ciddi məsələdir. Rəsmi açıqlamalarda qeyd edilir ki, su ehtiyatlarımız 15-20%-ə qədər azalıb. Bu məsələlərin qarşısını almaq üçün su ehtiyatlarından səmərəli istifadə olunması olduqca vacib nüansdır. Bunun üçün innovativ texnologiyaların tətbiqi önəmlidir. Yəni köhnə suvarma sistemlərinin müasirlərilə əvəz olunması prioritet məsələ kimi qarşımızda durur. Böyük fermer təsərrüfatlarında pivot suvarma sistemlərinin qurulması düzgün addımdır. Gələcəkdə kiçik pay torpaq sahiblərinin də damcılı suvarma sistemləri tətbiq etməsi olduqca vacibdir", - ekspert bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, bölgələrdə müşahidə olunan kəskin şaxtalı və qarlı hava şəraitinin kənd təsərrüfatına yalnız müsbət təsiri var: "Bilirsiniz ki, hazırda aktiv kənd təsərrüfatı dövrü deyil. Payızlıq əkin yekunlaşıb və eyni zamanda, məhsul yığımı da tam şəkildə başa çatıb. Bu baxımdan, qarın əkin sahələrinə yalnız müsbət təsiri var. Qar həm torpağın alt qatında su ehtiyatlarının toplanmasına imkan verir, həm də şaxtalı hava şəraiti zərərvericilərin, xüsusilə də gəmiricilərin artmasının qarşısını alır. Bu mənada, şaxtalı hava şəraiti iqlim normasına uyğundur və kənd təsərrüfatı üçün müsbət xarakterizə oluna bilər".