"Koronavirus pandemiyası aqrosənaye sektorunda xeyli dəyişikliklərə səbəb oldu".
“Report” xəbər verir ki, bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero Kulyen (Maximo Torero Cullen) kənd təsərrüfatının rəqəmsallaşmasına dair Bakıda keçirilən beynəlxalq konfransda bildirib.
“Əsas məqsəd dünyanı zəruri məhsullarla təmin etməkdir. Bu gün dünyada hələ də ac qalan insanlar çoxdur. Dünyadakı mövcud vəziyyət üzündən taxıl məhsullarla bağlı vəziyyət gərginləşib, amma biz bunu həll etməyə çalışırıq”,- o deyib.
FAO nümayəndəsi müasir rəqəmsal texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı sektorunu daha da inkişaf etdirməyin, fermerləri zəruri informasiya ilə təmin etməyin mümkün olacağını diqqətə çatdırıb: “Rəqəmsal texnologiyalar pandemiya dövründə də özünü doğrultdu. Amma sadalanan məqsədlərə çatmaq üçün birgə çalışmalıyıq. Doğru nəticə əldə etmək üçün bir-birimizdən öyrənməliyik”.
Bu sahədə Azərbaycanın atdığı addımlar da qeyd olunub.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov da Azərbaycanda yaradılan Digital Agro rəqəmsal platformunun kənd təsərrüfatında informasiya nəzarəti üçün təməl olaraq düşünüldüyünü diqqətə çatdırıb: “Bu platfor vasitəsilə istənilən torpaq sahəsi, orada becərilməsi mümkün olan bitkilər və bir çox başqa məsələlər barədə müfəssəl məlumat almaq mümkündür”.
Ekspertin dediyinə görə, yeni platforma sayəsində ölkədəki kənd təsərrüfatı sektorunun monitorinqi xeyli təkmilləşdirilib.