"Azərbaycanın balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır, ölkədə istehsal olunan bu məhsullar daxili tələbatı tam ödəmək üçün yetərli deyil".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında - 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
"2014-cü ildə ölkədə adambaşına balıq və balıq məhsullarının illik istehlakı 7,2 kiloqrama, 2021-ci ildə 7,4 kiloqrama çatıb. Dünya üzrə bu göstərici 20,5 kiloqram, o cümlədən Avropada 24 kiloqramdır. Son 15 ildə ölkədə ovlanmış və yetişdirilmiş balığın həcmi 5 dəfəyə qədər artsa da, istehlak olunan balıqçılıq məhsullarının ümumi istehlakda payı cəmi 1 %-dir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2000-ci ildə 12 ədəd, 2020-ci ildə isə 7 ədəd balıqartırma müəssisəmiz olub. Hazırda bu müəssisələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon kq olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 144 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının satışının gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır", - deyə o qeyd edib.
"Akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün bu sahəyə diqqət ayrılmasına, investor cəlb edilməsi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var", - deyə Komitə sədri əlavə edib.