Bu il “Azərpambıq” ixrac gəlirlərini 2,5 dəfə artırıb

ASK
  • 29 dekabr, 2024
  • 09:30
Bu il “Azərpambıq” ixrac gəlirlərini 2,5 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 51,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,3 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin 11 ayında Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr aylarında yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Son xəbərlər

Bütün Xəbər Lenti