Biləsuvar rayonunda parazitlər arı ailələrinin 25 faizini məhv edib.
Bu barədə "Report"un Muğan bürosuna Azərbaycan Arıçılar Assosiasiyasının Biləsuvar filialının sədri Hikmət Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu mövsüm rayonda fermerlərin fərdi arıçılıq təsərrüfatlarında arı parazitləri 100-lərlə arı ailəsini məhv edib. Belə ki, Biləsuvarda mövsüm boyu yağıntıların çox olması “Varrua” adlı arı parazitlərinin çoxalmasına şərait yaradıb:
"Bu isə arı ailələrinin kütləvi məhvinə aparan müxtəlif virus mənşəli bakterioloji xəstəliklərə yol açıb. Bizim rayonda təxminən arı ailələrinin 25 faizi tələf olub".
H.Əliyevin sözlərinə görə, hazırkı durumda arıları zərərvericilərdən qismən də olsa qorumaq üçün çıxış yolu tapılıb. Dərman preparatları ilə mümkün olmayan yeni mübarizə üsulu - arı qutularında izolyator rolunu oynayan xüsusi “ana arı” qəfəsciklərinin hazırlanmasıdır. Həmçinin bununla bağlı mübarizə tədbirləri görülməli və xaricdən uyğun kimyəvi preparatların gətirilməsinə şərait yaradılmalıdır.
Qeyd edək ki, hazırda Biləsuvarda 116 fermer arıçılıqla məşğuldur.