Azərbaycanın əsas düyü tədarükçülərindən biri olan Pakistanın bu il rekord həcmdə düyü ixrac edəcəyi proqnozlaşdırılır.
“Report”un “S&P Global” beynəlxalq agentliyin hesabatına istinadən verdiyi məlumata görə, 2023/2024 marketinq ilində düyü ixracı 5 milyon tona çatacaq, bununla da 2021/2022 marketinq ilində Pakistanda qeydə alınan 4,8 milyon tonluq rekord yenilənmiş olacaq.
ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, Pakistanda üyüdülmüş düyü istehsalının 2023/2024 marketinq ilində (noyabr-oktyabr) illik ifadədə 64 % artaraq 9 milyon tona çatacaq. Qurum bunun 2021/2022-ci marketinq ilində qeydə alınan göstəricidən (9,3 milyon ton) sonra ikinci məhsuldarlıq üzrə rekord olacağını vurğulayır.
“S&P Global”ın analitikləri hesab edir ki, Pakistan bazarındakı müşahidə olunan düyü rallisi Hindistanda bu məhsulun ixracı ilə bağlı qoyulan qadağa ilə bağlıdır. Belə ki, böyük ixrac profisiti Pakistandan olan satıcılara dünya bazarında rəqabət qabiliyyətli qiymət təklif etməyə imkan verib. Bu gün Pakistan bazarında daha əvvəl Hindistan düyüsü alan Afrika və Uzaq Şərqdən olan çoxsaylı alıcıları görmək mümkündür. Bu ilin birinci yarısında İranın da Pakistan düyüsünü idxal edəcəyi gözlənilir. Potensial alıcı olan Çinin isə hələ ki, gözləmə mövqeyində qalacağı və dördüncü rübün sonuna ki, Pakistan düyüsünü idxal edəcəyi gözlənilmir.
"Bununla belə tələbin artmasını, logistikadakı problemləri nəzərə alaraq qiymətlərin daha da artacağı ehtimal edilir. Belə ki, iri gəmidaşıma şirkətləri Yaxın Şərqdəki məlum hadisələrə bağlı Qırmızı dəniz vasitəsilə tranziti dayandırıblar. Bununla əlaqədar olaraq Pakistandan Qərbi Afrika, Avropa və Şimali Amerikaya fraxt tarifləri kəskin artıb. Bu ilin yanvarın 1-dən Aİ-nin tullantılarla ticarət sisteminin güvvəyə minməsi ilə əlavə rüsumun tətbiq edilməsi ilə isə Avropaya fraxtı artıracaq", - hesabatda deyilir.
Qeyd edək ki, ötən il Azərbaycanın əsas düyü tədarükçüsü (10 aylıq idxal həcminin 85 %-i) Hindistan olsa da Pakistandan düyü alışı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Pakistandan 1 min 703 ton düyü alıb ki, bu da bir il əvvəlki göstəricidən 82 % çoxdur.