Azərbaycanın 2021-ci ildə aqrar sahədəki əsas nailiyyət istiqamətləri açıqlanıb

Azərbaycanın 2021-ci ildə aqrar sahədəki əsas nailiyyət istiqamətləri açıqlanıb 2021-ci il artıq başa çatır və bu il ölkənin bir sıra sahələrində, həmçinin aqrar sahədə uğurlu layihələr həyata keçirilib.
ASK
1 yanvar 2022 06:12
 Azərbaycanın 2021-ci ildə aqrar sahədəki əsas nailiyyət istiqamətləri açıqlanıb

2021-ci il artıq başa çatır və bu il ölkənin bir sıra sahələrində, həmçinin aqrar sahədə uğurlu layihələr həyata keçirilib. Aqrar sahə ölkənin ən aparıcı sahəsi olmaqla yanaşı, həmçinin, qida zəncirinin təminatında əsasrola malikdir. Bu ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı sahəsi ÜDM-in 10,7 %-ini təşkil edib.

Bununla yanaşı, Azərbaycanda qeyri-neft sektorunun inkişafını şərtləndirən mühüm sahələrindən biri aqrar sahədir. Son illər bu sahənin inkişafı hökümət üçün əsas prioritetlərdəndir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov “Report”a bildirib ki, 2021-ci il aqrar sahədə uğurlu illərdən biri olub: “Bu il ölkədə kənd təsərrüfatı üzrə göstəricilər yüksək olub, bununla yanaşı, bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir sıra layihələr həyata keçirilib. Bunlardan biri Zəngilan rayonunun Ağalı kəndində yaradılan “Ağıllı kənd” layihəsidir. “Ağıllı kənd” layihəsi yekun mərhələyə qədəm qoyub. Bu, Zəngilanın Ağalı kəndinə böyük qayıdışının ilk mərhələsi olacaq, ikinci "Ağıllı kənd" isə Füzuli rayonunun Dövlətyarlı kəndində salınacaq. Artıq kəndin salınmasının ilk mərhələsinin hazırlıq işləri gedir”.

V. Hüseynov qeyd edib ki, ən uğurlu layihələrdən biri işğaldan azad edilmiş ərazilərə təsərrüfatların köçürülməsi və azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası olub: “Bu il ilk dəfə olaraq pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına həmin rayonlardan olan fermerlərin arıçılıq, qoyunçuluq təsərrüfatları köçürülüb. Layihə əvvəl pilot olaraq kiçik təsərrüfatlar - 5 arıçılıq, 6 qoyunçuluq təsərrüfatı köçürülüb. Həmin ərazilərdə risklər dəyərləndirildikdən sonra həmin təsərrüfatların sayı artırılıb. Üç ay ərzində layihə çərçivəsində təsərrüfatların son dərəcə yüksək potensialı olan yaylaqlarda fəaliyyəti təmin edilib. Məhsuldarlıq baxımından çox yüksək nəticələr əldə edilib. Bu, bizi sevindirir. Yəqin ki, önümüzdəki dönəmdə bu layihə daha geniş formada həyata keçiriləcək”.

V.Hüseynov əlavə edib ki, 2021-ci ildə qida zəncirində mühüm yerə sahib olan taxılçılıqda yüksək nəticə əldə edilib və digər sahələrdə, həmçinin, ixrac imkanları olan aqrar sahələrdə artım qeydə alınıb: “Bir sözlə, 2021-ci ildə aqrar sahənin bütün istiqamətlərində yüksək nəticələr əldə edilib. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulan əsas vəzifələrə nail olunub”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında 572,3 min hektar sahədən 1 milyon 885,4 min ton buğda yığılıb. Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib.

Nazirlik rəsmisi sonda vurğulayıb ki, artıq yeni təqvim ili başlayır və yeni təqvim ilində qarşımıza qoyulan hədəflərimiz var: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından nazirliyin həyata keçirdiyi funksiyalardan irəli gələn məqsədlər var, təbii ki, bu bizim işimizdir. Əsas fəaliyyət prinsiplərimizə riayət edərək, ən əsası ölkədə kənd təsərrüfatının bütün istiqamətləri üzrə məhsuldarlığın artımına nail olaq ki, son bir neçə ildə bu artım davamlı şəkildə yüksəlir. Bu tendensiyanı 2022-ci ildə qorumaq əzmindəyik”.

Dövlət Statistika Komitəsi aqrar sahə üzrə bu ilin 11 ayın yekunlarını açıqlayıb. Bu il yanvar-noyabr aylarında Azərbaycanda 8 milyard 612,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 4,8 % artaraq 4 milyard 379,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8 % artaraq 4 milyard 232,6 milyon manat təşkil edib.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, aqrar sektorun inkişafı Azərbaycan üçün prioritetdir: “Xüsusilə, nəzərə alsaq ki, Azərbaycanda məşğulluğun formalaşmasında, eləcə də Azərbaycanın qeyri-neft ixracında aqrar sektorun xüsusi payı var. Azərbaycanda məşğul əhalinin 37,8 %-i kənd təsərrüfatında çalışır, eyni zamanda, qeyri-neft ixracının 50 %-i aqrar sahənin payına düşür. Ona görə də ölkəyə valyutanın daxil olmasına, həmçinin məşğulluğun təmin edilməsində aqrar sektorun xüsusi payı var".

Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, son illər aqrar sahədə subsidiya mexanizmləri təkmilləşdirilib və şəffaflıq artırılıb: "Torpaqlarımızın azad edilməsi aqrar sektor üçün yeni imkanlar yaradır. Bütövlükdə həmin ərazilərin potensialı böyükdür. Aqrar sektorda əkinçilik və heyvandarlıq üçün imkanlar var. Bu baxımdan bu ərazilər yeni imkanlar yaradır, yeni mərhələdə aqrar sektorun inkişafının daha yaxından dəstəklənməsi imkanlar var. Təbii ki, bu kontekstdə, sözsüz ki, aqrar sektorun hər zaman dövlət dəstəyinin gücləndirilməsinin tələb edən sektordur. Avropa İttifaqının büdcəsinin təqribən yarısı aqrar sektora dəstək üçün ayrılır. Ona görə bu dəstək növbəti dövrlərdə də davam etdiriləcək və prioritet olaraq qalacaq. Etiraf etmək lazımdır ki, aqrar sektor kənd təsərrüfatının inkişafı ilə bağlı daha liberal münasibətlərin tədbiqi, dövlət dəstəyinin gücləndirilməsi, subsidiyalaların ünvanlığı kimi məsələlərdə irəliləyişlər əldə edilib”.

Bir sözlə, aqrar sahədə tətbiq edilən hər bir yenilik məhsuldarlığı, gəlirləri artırır və nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir.

Son xəbərlər

Orphus sistemi