Azərbaycandan Rusiyaya pambıq ixracı bərpa edilib
- 21 dekabr, 2021
- 10:51
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 160,67 milyon ABŞ dolları dəyərində 101 min 252,99 ton pambıq mahlıcı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 69,7 %, kəmiyyət olaraq – 44,04 % artıb.
Hesabat dövründə Türkiyəyə 151,433 milyon ABŞ dolları dəyərində 95 min 597,88 ton, İrana 9,207 milyon ABŞ dolları dəyərində 5 min 634,58 ton, Rusiyaya 29,76 min ABŞ dolları dəyərində 20,52 ton pambıq mahlıcı ixrac olunub.
Ötən ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 74,5 % və 46,9 %, İrana - 16,7 % və 8,36 % artıb. Birillik fasilənin ardından Rusiyaya tədarük bərpa olunub.
2021-ci ilin yanvar-oktyabr aylarından ölkəmizə 2,03 min ABŞ dolları dəyərində 0,52 ton pambıq mahlıcı idxal olunub. Bu məhsul Azərbaycana Türkiyə, Çin və Almaniyadan tədarük edilib.